Qara qızıldan əldə etdiyimizi şüursuz daşa-divara deyil, kitaba yatırmış olsaydıq…backend

Qara qızıldan əldə etdiyimizi şüursuz daşa-divara deyil, kitaba yatırmış olsaydıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eldar Sabiroğlunun etirazçı oğlu İnterpress-ə danışdı…

– Sizi bu cəmiyyətdə ən çox narahat edən nədir? İnsanların hüquqlarının pozulması, yoxsa insanların hüququnu tələb etməməsi?

– Bu məsələ ətrafında uzun müddətdir ki, düşünürəm. Gəldiyim qənaət bundan ibarətdir:
1) İnsanlar kitabdan uzaqlaşıb və ya uzaqlaşdırılıb ki, bu da maarifdən kənar cahil bir cəmiyyətin yaranmasına hesablanıb. Əslində bu xoş olmayan niyyət baş tutub. Cəmiyyətimiz bu gün kitabdan, elmdən kənarda qalıb.
2). İnsanların gündəlik dolanışığı, qayğı və sosial problemləri o həddədir ki, onlar nəinki bilim və maarif barədə düşünür, əksinə bunu az qala yaxına belə buraxmaq istəmirlər. Sual edə bilərsiniz, bunun məsuliyyətini əsasən kim daşıyır? Təbii ki, insan-vətəndaşın özü. Əgər insan-vətəndaş təəhhüdünü idrak edib, pozulan huquqlarının bərpası üçün səy etmirsə, bu, artıq vətəndaş məsuliyyətsizliyinin məhsuludur.
İstənilən dövlətin gücü onun vətəndaşının güclü olmasından, vətəndaş cəmiyyətinin oturuşmasından keçir. Mənim sözümü qəribçiliyə salmayın, ixtiyari ölkədə hüquqi dövlət və mülki cəmiyyətin əlamətləri ön planda deyilsə, bunun birbaşa məsuliyyətini külli halda vətəndaşın özü daşıyır. Baxın, Azərbaycan cəmiyyətinə, çıxın insanlar arasına, onlardan vətəndaş cəmiyyətinin hansı anlam kəsb etdiyini soruşun, inanin ki, 100 nəfərdən 100-də gözünü döyəcək. Amma qonşu gürcü cəmiyyətində nəinki o suala cavab tapa bilərsiniz, hətta sizdən əl çəkməyib azadıqlıqla hüququn hansı fərq kəsb etdiyini izah edərlər.

– Etirazınıza cəmiyyətin reaksiyası sizi çaşdırmadı ki? Yəni bu qədərini gözləyirdiniz yoxsa, daha dəhşətli reaksiya gözləyirdiniz?

-Səmimi sözümdür. Gözəlim vətənimin bir bucağında fəaliyyət göstərən istintaqçının artıq bir neçə dəfə izhar etdiyim səbəblərdən istefa verməsinə bunca ictimai effektin sərgilənməsini hesablamamışdım. Bütün hallarda vicdan hissindən imtina etməyən kəslərə bir daha minnətdarlıq edirəm.

-Çalışdığınız yerdən anidən qərar verib çıxmaq nəyin nəticəsi idi? sizə qarşı olunan haqsızlığa etirazın yoxsa… ?

– Sadəcə, vətəndaş olaraq məsuliyyətimi və bu məsuliyyətin doğurduğu vəzifələri anladım, özümü prokurorluq orqanlarında görə bilmədiyimə görə istefa verib, müstəqil hüquqçu olaraq fəaliyyətə başladım ki, bunun da motivlərini artıq neçə dəfə paylaşmışam.

-Sizin etirazınız haqqında müxtəlif fikirlər var. Bəziləri düşünür ki, siz atanız kimi irəli çəkilsəydiniz (Məsələn, deputat, nazir köməkçisi və s) bu addımı atmayacaqdınız. Siz sadə, əzilən vətəndaşlar üçün deyil, öz maraqlarınız naminə etiraz etmisiniz.

-Aydındır. Əvvəla, 5 ilə yaxın müddət idi ki, prokurorluq orqanlarında xidmət edirdim. Bu müddət irəli çəkilmək hüqüqunu təmin etmək üçün kifayət deyil bir qayda olaraq. İrəlidə karyera var idi. Deyim ki, rəhbərlik də barəmdə pis fikirdə deyildi, əgər bunun əksi olmuş olsa idi, ötən il cənab baş prokuror xidmətimi fəxri təşəkkürlə qiymətləndirməzdi. O ki qaldı merkantil hisslərə sahib olub-olmadığım barədə söylənilənlərə, bu barədə bir fikir yürütmürəm, zaman özü yürüdəcək.

-Bəzən bir insanın üsyanı milyonları xilas edir. Məsələn, Leninin üsyanı milyonlarla insanı, əsasən də müsəlman xalqlarını köləlikdən, cəhalətdən xilas etdi. Məhz sosializmin sayəsində ağa-nökər təbəqəsi dağıdıldı və sözün həqiqi mənasında insanların üzünə elmin qapıları açıldı.

-Bilirsinizmi, istənilən tarixi hadisəyə, ictimai siyasi formasiyanın zorakı üsul ilə dəyişdirilməsinə 2 rakursdan yanaşmağı təklif edirəm: birincisi, baş vermiş dəyişiklik nə qazandırıdı, ikincisi, həmin yenilik nəyin itirilməsinə səbəb oldu. Bu mənada, təkzibolunmaz faktdır ki, Lenin və Trotskinin təməl məramları fərdin fərd tərəfindən istismarına son qoyulması, sosial bərabərlik və ədalətin bərqərar olunmasından ibarət olmuş və bu niyyətə yetişmək üçün başlıca şərt kimi xüsusi mülkiyyətin ləğvi təşkil etmişdir. İlk baxışdan cəlbedici olan bu müddəlar milyonlarla insanın itkisi hesabına olsa da baş tutdu. Fəqət sonrakı proseslərə nəzər salaq. Nə baş verdi? Sözün müstəqim mənasında xalqların həbsxanası meydana gəldi, vahid ideoloji xətt, düz xətli düşüncə tərzi, milli kimliyin məhvi, aydınlarımızın itirilməsi və ən nəhayət azadlığln həm anlayış, həm də hərəkət olaraq ali rəsmi inkarı. Odur ki, mənə görə, 70 il itirilmiş illərdir. Zətən, artıq millətin üzünə qapı çox-çox əvvəl, M. F. Axundov tərəfindən açılmışdı… Amma insaf naminə deməliyəm ki, Azərbaycan SSR-də təhsilin keyfiyyəti yüksəkliyi ilə fərqlənirdi.

-Elə götürək öz ölkəmizi. Sovet dönəmində Bakının hər küçəsində kitabxanalar var idi. Müstəqilliyimiz dövründə bu kitabxanaların kitablarını zibilliyə daşıdılar yerində də bar-restoran və ya hündürmərtəbəli binalar tikildi.

-Sualınızda göstərilənlər tamamilə həqiqətdir. Təəssüf ki, zaman-zaman, Azərbaycanda, xüsusilə Bakı şəhərində kitab və kitab evini əyləncə mərkəzləri-bar və restoran əvəzlədi. Bunun məqsədyönlü surətdə edilib-edilməməsi barədə qəti fikir söyləməyə bir qədər çətinlik çəkirəm. Lakin faktdır ki, kitab mövzusunda Azərbaycan olaraq tək Batumi şəhəri ilə belə ayaqlaşa bilmirik. Qara qızıldan əldə etdiyimizi şüursuz daşa-divara deyil, adamı şüurlu insan edən kitaba yatırmış olsaydıq, indi tamam ayrı cəmiyyətlə üzbəüz idik. Təəssüf…

– Atanız uzun illərdir hakmiyyət düşərgəsində olmasına baxmayaraq sizə belə reaksiya verməsini gözləyirdinizmi? Son anda atanız sizin yanınızdan çəkildi.

-Eldar Sabiroğluna həm ata, həm də şəxsiyyət olaraq sonsuz ehtiramım var. Sirr deyil ki, əzəldən atam Heydər Əliyev və İlham Əliyev siyasətinin tərənnümçüsü olub. Bu gün də belədir. Lakin təəssuf ki, atamla mənim siyasi görüşlərimiz arasında tərs-mütənasiblik meydana gəldi. Ata-övlad olaraq şəxsi planda heç bir problemimiz yoxdur, əksinə bir qədər əvvəl Sabiroğluna birgə gəzintiyə çıxmağı təklif etdim, o, da məmnuniyyətlə qəbul etdi. Təəssüf ki, bizim cəmiyyətdə belə məsələlər şok effekti verir…
Eyni zamanda, atamın mövqeyimi qəbul etməsə belə, hörmətlə yanaşması, məni bir övlad olaraq fərəhləndirdi. Xüsusilə, üzərimdə misilsiz əməyi olan anam Tahirə Tahir qızına övlad olaraq təşəkkür edir, məni anlayışla qarşıladığına görə dərin sevgimi ifadə edirəm.

– Rüfət bəy, siz etiraz etdikdən sonra sizdən üz döndərənlər çox oldu, yoxsa sizə üzünü tutanlar? Yəni qohumlar, dostlar, tanışlar və s.

– Mən belə bir kəskin qərar qəbul edərkən gəlir-çıxarı ciddi hesabladım. Heabladım ki, bu gün mənə dost deyən bir çox insanların əksəriyyəti məndən üz döndərəcək. Axı, üzr istəyirəm, inasanları əsasən “mədə-bağırsaq qulu” olan cəmiyyətdəyik. Bu mənada, üz döndərənlərə normal baxmağa çalışıram. Amma Sizi inandırım ki, gözləmədiyim insanların, yeni-yeni dostların dəstəyi oldu. Bu gün də davam edir. Bir sözlə, hamıya, köhnə və yeni dostlara uğurlar arzulamaqdan savayı əlimdən heç nə gəlmir…

– Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev sizin fikirlərinizə münasibət bildirərkən dedi ki, “YAP-da təmsil olunan Eldar Sabiroğlunun oğlu tərəfindən belə bəyanatların səsləndirilməsi sadəcə olaraq, onun ailə tərbiyəsindən irəli gəlir”.

-Mən böyük adamlar və hadisələr haqqında danışmağı sevirəm. Başqa suala keçək.

– Bundan sonrakı həyatınızda yəqin ki, çətinlikləriniz olacaq. Ən azından iş tapmaqda çətinlik tapacaqsınız.

– Psixoloji baxımdan tam formadayam. Gəlin zamanı qabaqlamayaq. Düşünürəm ki, ailəmin maddi təminatını təmin edə biləcəyəm. Dünyanın sonu deyil.

-Nənənizin məktubu bu arada sizdən nigaran qalanları çox kövrəltdi.

-Nənəm Roza xanım mənimçün bir dəyərdir. 81 yaşlı bu qadın subay istintaqçı nəvəsinin zamanında qulluğunda durmuş, səhər, günorta, axsam süfrəsini şövqlə açıb. Bu, ənənə ailə quranadək davam etdi. Nənəmim məlum müraciəti hamı kimi, məni də kövrəltdi. Son dərəcə. Bu barədə çox danışmayaq. Nə isə.

-Sizin üçün burda, yəni bu ölkədə hər şey bitdi, yoxsa yeni yolla daha ürəklə həyata davam.

– Mənimcün həyat yenidən başlayır ki… Niyə bu fikirdəsiniz? (gülür) Çox qısa müddət istirahətə ehtiyacım vardır.

-Sizə bu mübarizədə stimul verən, ürəkləndirən, ruhlandıran nədir?

-Vaxtın azlığından bu suala təfərrüatı ilə cavab verə bilməyəcəm. Lakin nəsib olarsa, bu suala gələcəkdə bir daha qayıdarıq. Ümumiləşdirilmiş formada bele deyər bilərəm ki, məsuliyyət hissinə tam sahiblənməyim stumulu şərtləndirdi.

Arzu Abdulla

İnterpress.az