Bu il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında 3 hasilat quyusunun qazılması planlaşdırılır.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O’Liri (Jim O’Leary) Bakıda keçirilən “IADS Drilling Caspian” konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qazma işləri “Heydər Əliyev” qazma qurğusu vasitəsilə həyata keçiriləcək: “İstiqlal” qazma qurğusu ilə isə quyuların qazılmasının tamamlanma işləri aparılacaq’.
C.O’Liri bildirib ki, hər 3 quyunun qazılması və tamamlanması 365 gün vaxt çəkəcək.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).