Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı qətnamə bu qurumun ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv münasibətini bir daha ortaya qoydu. Avropa Parlamentinin belə addım atması, ümumiyyətlə son dövrlər Avropanın bəzi ölkələrində, xüsusən Fransada Azərbaycana qarşı açıq düşmənçilik fəaliyyətinin ərazi bütövlüyümüzü təmin etdikdən sonra güclənməsi açıq aşkar ermənipərəst, antitürk və antimüsəlman təfəkkürünün nəticəsidir.
Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib və Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş haqlarının bərpasına susqunluqla yanaşan qurum Ermənistana və Qarabağ separatçılarına “sonsuz məhəbbət” ifadə edən sənədlər qəbul edib. Bütün bunlar isə bu təşkilatın demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir.
Azərbaycanın bu gün əsas niyyəti Ermənistanla ən qısa zamanda sülh sazişi imzalamaq, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması və işğal altındakı kəndlərin danışıqlar yolu ilə qaytarılmasıdır. Azərbaycanın Ermənistana hər hansı güc tətbiq etmək niyyəti yoxdur. Dinc birgəyaşam qaydalarının, demokratik dəyərlərin müasir dünya düzəninə təsirini aktuallaşdırmaq, mövcud istiqamətdəki ideya və baxışları formalaşdıraraq inkişaf etdirmək nüfuzlu beynəlxalq təşkilatlar qarşısında duran mühüm vəzifələrdəndir. Bu vəzifələrin həyata keçirilməsi isə dünyada baş verən proseslərə obyektiv yanaşma tərzindən, ayrı-ayrı xalqların məişət və mənəviyyatına, tarixi yaşantılarına ehtiramdan qaynaqlanır. Təəssüf ki, bizlər bu günlərdə Avropa Parlamenti kimi nüfuzlu qurumun timsalında tamamilə əks davranışla qarşılaşırıq. Avropa Parlamentinin bu cür əsassız fikirlərin yer aldığı qətnamə qəbul etməsi bölgədə münaqişəni yenidən qızışdırmağa xidmət edir. Əslində isə Fransa və Ermənistanın digər havadarları bu yolla bölgədə mövqelərini möhkəmləndirmək istəyini göstərir.
Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Bu səlahiyyətlər Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilib.
Azərbaycanla bağlı qəbul edilən bu qətnamə Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir.
Bu təşkilatdan beynəlxalq hüquq normalarını özündə əks etdirən mövqe gözləməyə dəyməz. Avropa Parlamentinin ölkəmizə qarşı son qərəzli qətnaməsinin hüquqi qüvvəsi yoxdur və kağız parçasından başqa bir şey deyil. Bu təşkilat çoxdandır özünü gülünc vəziyyətinə qoyub. Əslində, Azərbaycan bu təşkilatın üzvü deyil və bu qurum qarşısında hər hansı öhdəliyi yoxdur. Bəs, nədən bu təşkilat tez-tez Azərbaycan haqqında qərəzli qətnamələr qəbul edir? Obyektiv olmasa da, adı beynəlxalq təşkilat olan Avropa Parlamentinin mütəmadi olaraq ölkəmizi “yad” etməsi, Azərbaycanın artıq Avropanın, eləcə də dünyanın diqqət mərkəzində olan ölkəyə çevrilməsinin göstəricisidir. Amma nə qədər qətnamə qəbul etsələr də, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, Azərbaycanı tutduğu yoldan və öz mövqeyindən döndərə bilmirlər.
Azərbaycan hər hansı beynəlxalq təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərə həmişə layiqincə əməl edib. Hələ bu vaxta qədər hansısa beynəlxalq təşkilatın Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməməsi barədə irad bildirməsinin şahidi olmamışıq. Ona görə də Avropa Parlamentinin ölkəmizə qarşı hər hansı bir ittiham irəli sürməsi bu qurumun rəhbərinin və üzvlərinin əl oyuncağına çevrilməsinin təsdiqidir. Belə qətnamələrin müəyyən maraqlara xidmət etməsi özünü açıq şəkildə büruzə verir. Korrupsiyalaşmış və erməni lobbisinin əlində alətə çevrilmiş Avropa Parlamenti rəhbərliyi və üzvlərinin destruktiv və qərəzli, üzdəniraq qətnamələri Cənubi Qafqazda yaranmış yeni reallıqlara mane ola bilməyəcək.
Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan – Türkiyə Evinin rəhbəri