Bu gün Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini imzalayıb. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub.
Bəs qanun qüvvəyə mindikdən sonra Gürcüstanı nələr gözləyir? Daxili və xarici siyasətində dəyişiklik ola bilərmi?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
O bildirib ki, Gürcüstanın bu addımı düzgündür, lakin gürcü xalqının etirazları yəqin ki davam edəcək.
“Mənə görə bu qanun layihəsi bir dövlət üçün mühüm addımdır. Parlament düzgün addım atıb.
Dövlətin işinə xarici aktorlar müdaxilə edərsə, o dövlət “kukla” olmuş deməkdir. Lakin bu addım Avropaya inteqrasiyanı zəiflədəcək.
Gürcüstan xalqı inqilaba meylli xalqdır. Güclü və davamlı müqavimətlə istədiklərinə nail ola bilərlər.
Gürcüstan Qərbi istəyirsə, bəzi güzəştlərə getməlidir. Lakin yenə də qeyd edirəm ki, Qərbə meyl etmək o demək deyil ki, Qərb ölkənin daxilinə müdaxilə etməlidir.
Rusiya da istəməz ki, Cənubi Qafqaza “xarici’ lər gəlsin2, – konfliktoloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az