Ekvador Milli Assambleyası prezident Daniel Noboanın təhqiramiz ifadələrinə görə bir sıra Latın Amerikası ölkələrinin liderlərindən üzr istəməyə qərar verib.
interpress.az xəbər verir ki, bu barədə bəyanat parlamentin saytında dərc olunub.
Xəbərdə deyilir ki, “Milli Assambleyanın sessiyası prezident Daniel Noboanın El Salvador, Kolumbiya, Çili və Argentina liderləri haqqında “The New Yorker” jurnalında dərc olunmuş fikirlərini pisləyən qətnamənin qəbul edilməsinin lehinə 86 səs verib”.
Parlamentarilər dövlət başçısından “şəxsi fikir söyləməkdən çəkinməyi” tələb edirlər, çünki bu cür bəyanatlar “Ekvadorun beynəlxalq nüfuzuna və ikitərəfli münasibətlərinə xələl gətirir”.
Onlar həmçinin El Salvador, Kolumbiya, Çili və Argentina prezidentlərindən, eləcə də bu ölkələrin xalqından açıq şəkildə üzr istəmək qərarına gəliblər.
Noboa “The New Yorker” qəzetinə verdiyi müsahibədə Kolumbiya prezidenti Qustavo Petronu “solçu”, El Salvadordan Nayib Bukeleni təkəbbürlü və argentinalı Xavyer Mileyi “eqoist, özünü düşünən adam” adlandırıb. O qeyd edib ki, Çili prezidenti Qabriel Boriç yaxşı işləyir, lakin onun ifrat sol müttəfiqləri tərəfindən sıxışdırılıb.
Xuraman Etibarlı
İnterpress.az