Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.
Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.
Bildirilir ki, Ülviyyə Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl Validə Məmmədova sosial mediada və kütləvi informasiya vasitələrində Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.
Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.”Qafqazinfo”