İsrail ordusu HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) nümayəndəsi məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, Xan Yunis bölgəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının əməliyyat qərargahında taqım komandiri olan Rəfat Əbu Zamer öldürülüb.
Bildirilir ki, o, 7 oktyabr hücumundan əvvəl HƏMAS üzvlərinin hərbi hazırlığında iştirak edib və son dövrdə təşkilatın döyüş imkanlarının inkişafına rəhbərlik edib.
Qəzza şəhərində keçirilən digər əməliyyat zamanı isə HƏMAS-ın hərbi qanadının üzvü Məhəmməd Həddar Fəhmi Aqur öldürülüb. İsrail tərəfi onun təşkilat üçün silah istehsalı ilə məşğul olduğunu bildirib.
IDF həmçinin HƏMAS-ın İsrail hərbçilərinə və vətəndaşlarına qarşı hücumlar hazırladığını, həmçinin atəşkəsi sistematik şəkildə pozaraq hərbi imkanlarını bərpa etməyə çalışdığını iddia edib.
İsrail ordusu zərbələr zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün dəqiq silahlardan və hava kəşfiyyatından istifadə edildiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






