Avstriyada 73 yaşlı paraplançı elektrik xətlərində asılı qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Avstriya mediası məlumat yayıb.
Avstriyanın Ştiriya federal torpağında 73 yaşlı alman paraplançı yüksək gərginlikli elektrik xəttində ilişib qalıb. Hadisə nəticəsində bir neçə yaşayış məntəqəsində yüzlərlə ev elektrik enerjisiz qalıb.
Hadisə oktyabrın 29-da, Daxştayn dağ massivi yaxınlığındakı qəsəbə ərazisində baş verib.
Kişi paraplanla vadidə eniş edərkən tennis kortunun yaxınlığında yerə enmək istəyib. Lakin paraplanı 30 kilovolt gərginlikli elektrik xətlərinə ilişib. Bu, qısaqapanmaya və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Xilasetmə əməliyyatının təhlükəsiz aparılması üçün enerji təchizatı şirkətinin əməkdaşları xəttin həmin hissəsini əlavə olaraq elektrikdən ayırıblar.
Bundan sonra yanğınsöndürənlər nərdivanların köməyi ilə kişini naqillərdən endiriblər.
Xəsarət alan paraplançı xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, o, xilasetmə əməliyyatı boyunca huşunu itirməyib və xilasedicilərlə ünsiyyət saxlaya bilib.
Xuraman Etibarlı
İnterpress.az






