Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərini qanunsuz parklayan sürücülərə müraciət edib.
İnterpress.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:
Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
“Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”, – müraciətdə vurğulanıb.