Seçim çətin işdir. Əgər Tanrının bəşər arasında seçdiyi Elçiləri belə qəbul etməyənlər olubsa, demək, heç bir seçim ideal və hər kəsi qane edən deyil. Amma seçmək və seçilmək də bir haqdır. Bugünkü dünyamızın dövlət idarəetməsində də əsas meyar məhz seçim, seçki üzərində qurulub. Dövlətin başında duran şəxsdən tutmuş, bir kəndin idarəçiliyinədək bütün məsələlər seçki ilə həll olunur. Başqa sözlə müasir seçki prosesi sıradan bir ritual deyil, dövlətin ayaqda durma şərti, xalqın gələcəyinə təhlükəsizlik təminatıdır. Bu səbəbdən çağdaş dövlətlərarası münaqişələr açıq hərbi əməliyyatlarla deyil, məhz seçki və digər bu kimi siyasi hadisələr üzərində qurulan gizli planlar əsasında aparılır. Azərbaycan son illərdə dəfələrlə bunu öz üzərində yaşayıb. 30 il ərzində yüz minlərlə insanımızın əsirliyinə, köçkünlüyünə susanlar bəzən bir büllitendən hadisə yaradaraq qarışqadan fil düzəldib.
Yenə seçki içindəyik və yenə üzdə Azərbaycana dost kimi görünənlər hərəkətə gəlib və “içimizdəki denikinlərdən” tutmuş, çölümüzdəki menşeviklərədək bütün güclərini səfərbər ediblər. Məqsəd seçki azadlığı, demokratiya adlanan nəzəriyyəınin müdafiəsi deyil. Niyə? Çünki ayrımçılıq və gizli məqsəd ortadadır.
Azərbaycanın 125 dairəsi üzrə seçki keçirilir. Əlbəttə bütün dairələr üzrə bütün işlərin ideal, qüsursuz aparıldığı iddiasında deyilik.(Hər kəsin razı qaldığı və qüsur görmədiyi seçim halının mümkünsüzlüyünü Tanrının Elçi seçimi ilə bağlı izah etdik). Amma bu gün 125 dairə içindən xüsusi dairələr seçib, onları diqqətə almaq, hər şeyə lupa ilə nəzər salmaq artıq başqa niyyətlərin göstəricisidir. Demək, 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyinin deputatlığa namizədi Tənzilə Rüstəmxanlı seçki təşviqatı kampaniyası çərçivəsində seçicilərlə görüş keçirir. Neftçala Olimpiya Kompleksinun zalı, Azərbaycan bayraqları ilə süslənmiş, milli ruha köklənən musiqilərlə coşan bir zal… Minə yaxın seçici… Bir sözlə əsl seçki kuliminasiyası, namizəd-seçici birgəliyinin ideal örnəyi…
Və ölkə mediasının olayı işıqlandırmasının ardınca xaricdən özünü Azərbaycan sevdalısı kimi təqdim edənlər hərəkətə keçir və tək mövzuları 70 saylı Neftçala seçki dairəsi… Müxtəlif onlayn media məkanlarından eyni anda, eyni məzmunlu paylaşımlar… Gecənin o saatında bu vedosüjetlərin ardınca dərhal sosial şəbəkələrdə dəstək statusları… Belə təsadüf olmur. Belə “təsadüfi” üst-üstə düşmələr ancaq bir düymənin basılması ilə bir əmrin alınması əsasında olur. Bəs niyə bu dairə? Niyə məhz indi?
Əvvəla, təşviqat başlayan gündən bəri, meqafonla Neftçala küçələrini gəzmək, dedi-qodu və böhtandan başqa heç bir sözü olmayan namizəd məhz Olimpiya Kompleksindəki coşquyla fiaskoya uğradı. Olsun. Amma kim kimin qarşısında uduzur. Feminizmdən anarxiyaya, milli mentallığın aşağılanmasından yad ideologiyanın təbliğinədək müxtəlif projelərin icraçılarından biri kimi anti-Azərbaycan QƏRBin ümid yeri olan namizəd, sözünün əvvəli və sonu Türklük, Millət, Vətən olan, Anadoludan Altaylaradək böyük bir Turan elinin xanım savaşçısı kimi meydana girən namizədə uduzur. Uduzmur eee… Nakaut, ippondan o yana bir durumda və bu həm də iki əksqütblü düşüncənin mübarizəsinə Azərbaycan xalqının verdiyi qiymət. İllərlə bu xalqın düşüncəsini dəyişməyə, onu öz kökündən ayırmağa milyonlar xərcləyən, ölkə içində bu işin icrası üçün adamlar bəsləyən həmin günbatan məkanın qüvvələri belə məğlubiyyətin hikkəsindədirlər. Aslanın qarşısına çıxmaq cəsarəti olmayan goreşənin kənardan ulartısı kimi yəni…
Hələ ayın birində bunların çirkab dolu iftiralari daha da artacaq, hansı dairədə LGBT-çin, hansı feministın, hansı ateistin … bir sözlə bayrağımızda və xalqın ruhunda əks olunan bütün dəyərlərə qarşı çıxanların məğlubiyyətinə eyni hikkənin şahidi olacayıq. Amma dünya da ərazi bütövlüyünü təmin edərək özünə vəkil seçən millətin iradəsinə şahid olacaq!