Proses başladı: Ermənistan Qərblə Rusiya arasında poliqona çevrilirbackend

Proses başladı: Ermənistan Qərblə Rusiya arasında poliqona çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən, oktyabrın 3-də Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib. Məlumata görə, Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib.
Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi.
Sənədi yaxın vaxtlarda ölkə prezidenti Vaaqn Xaçatryan imzalamalıdır. Sənəd dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək.
Əslində bu, gözlənilən idi. Ermənistanın bundan başqa yolu yox idi. Çünki Roma Statutunun ratifikasiyası həm də Qərbin sifarişi idi. Ermənistan baş naziri Nikol Paşinyan məhz Qərbin “çaldığı havanı oynamağı seçdi”.
Sözsüz ki, bu, onsuz da gərginləşən münasibətləri daha da “dalana dirəcəyək”. Rusiya rəsmiləri Ermənistanın bu qərarına artıq münasibət bildirib və bunu düşmənlik əlaməti kimi qiymətləndiriblər. Səslənən bəyanatlar Rusiyanın gələcəkdə Paşinyan hakimiyyəti ilə bağlı ata biləcəyi radikal addımların xəbərçisi ola bilər.
Çox böyük ehtimalla Xaçatryan da sənədi imzalayacaq. Əgər o, bunu etməsə, ölkədə vətəndaş müharibəsi başlaya bilər. Ölkə rəhbəri bu riski gözə almaz. Hərçənd mümkündür ki, Rusiya sənədin imzalanmasına mane olmaq üçün bütün imkanlardan istifadə edəcək. Rusiya bunu bacarsa, Qərbə qalib gəlmiş olacaq.
Əslində söhbət heç də Putinin Ermənistana səfərindən getmir. Ermənistana getmək Rusiya lideri üçün prinsipial məsələ deyil. O, onsuz da səfərlərini azaldıb. Putin Paşinyanla görüşmək istəsə, onu öz ölkəsinə də çağıra bilər.
Amma Roma statunun ratifikasiyası ilə Ermənistana Rusiyaya, illərdir for- postu olduğu dövlətə meydan oxumuş olur. Putin bunu çətin bağışlayar.
Putin Paşinyan üzərində təsirini gücləndirməyə, ona nəzarəti artırmağa çalışacaq. Amma bunu bacarmasa, daha radikal qərarların qəbulu istisna deyil. Kreml Ermənistan baş nazirinə qarşı hədələri, xəbərdarlıqlarına da sınaqdan keçirəcək. Əgər bunlar da nəticə verməsə, Putin artıq Paşinyanı aradan qaldırmaq barədə düşünəcək. Paşinyanın gələcəkdə “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin taleyini yaşaması da mümkündür. Hər halda Putin satqınları bağışlamır. Və, şübhəsiz, o, indi Paşinyanı xain hesab edir.
Böyük ehtimalla, Paşinyan Qərbdən təhlükəsizlik zəmanəti alıb. Əks halda o, bu cür riskli addıma atmazdı. Ermənistanın gələcəkdə Rusiya ilə Qərb arasında növbəti poliqona çevrilməsi heç də utopiya deyil. Bu proses siyasi müstəvidə artıq başlayıb.

Kənan Novruzov
İnterpress.az