Mircəlal Kazımi: Qafqazda ilk dəfə canlıdan canlıya qaraciyər köçürdükbackend

Mircəlal Kazımi: Qafqazda ilk dəfə canlıdan canlıya qaraciyər köçürdük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Azərbaycanda ilk orqan transplantasiyası nə zaman həyata keçirilib?

– Ölkəmizdə ilk orqan köçürülməsi əməliyyatlarına 1971-1972-ci illərdə akademik Mirməmməd Cavadzadə tərəfindən böyrək transplantasiyası ilə start verilib. Həmin dövrdə belə transplantasiya əməliyyatı icra olunarkən İran və Türkiyədə bu əməliyyatlar həyata keçirilməyib.

Mənə məlum olmayan səbəblərdən həmin vaxtda bir neçə əməliyyatdan sonra bu proqram dayandırılıb. 2018-ci ildə biz qohum donordan istifadə edərək, orqan transplantasiyası icra edirik. Amma Cavadzadə tərəfindən həm canlıdan, həm də meyit orqanlarından istifadə edilərək böyrək transplantasiyası icra edilib.

– Azərbaycan müstəqillik əldə edəndən sonra orqan transplantasiyası icra edilib. Amma bu proqram çox davam etməyib. Sizcə, bu, yerli kadrların olmaması ilə əlaqədardırmı?

– 2000-ci ilin əvvəllərində Azərbaycanda orqan transplantasiya əməliyyatlarına cəhd edildi. Həkim Kamal Abdullayevin rəhbərliyi altında iranlı mütəxəssislərin yardımı ilə bir neçə böyrək köçürməsi əməliyyatları baş tutdu. Bu proqram daha sonra dayandı.

Fikrimcə, orqan transplantasiyası elə bir əməliyyat qrupundadır ki, bu əməliyyatı yerli kadrlar etməlidir. Gəlib-gedən həkimlər tərəfindən bu əməliyyat icra edilə bilməz. Çünki orqan köçürmə əməliyyatı spesifik əməliyyatdır. Əməliyyatın hazırlığı, özü qədər əməliyyatdan sonrakı proses də çox mürəkkəbdir.

Əgər bir qrup həkim ölkəmizə gəlib, əməliyyatı edir və gedirsə, əməliyyatdan sonra xəstələr sahibsiz və baxımsız qalırlar. Biz yerli kadrlar olaraq bu əməliyyatı icra edirik, problem yaranarsa, vaxtında müdaxilə edə bilirik.

– Ölkədə qaraciyər transplantasiyasını edən ilk həkimsiniz. Harada təhsil almısınız?

– Mən təhsilimi Türkiyədə EGE Universitetinin cərrahiyyə və orqan transplantasiyası mərkəzində almışam. Beş illik cərrahiyyə təhsilindən sonra üç ilə yaxın orqan transplantasiyası sahəsində çalışdım. Daha sonra Azərbaycana qayıtdım və bu işə başladıq.

Orqan transplantasiyasına 2008-ci ildə dekabrın 12-də start verdik. Həmin ildə Qafqazda ilk dəfə olaraq canlıdan canlıya qaraciyərin transplantasiyası həyata keçirildi. İlk qaraciyər transplantasiyası etdiyim xəstəmizin 10 illiyi tamam oldu. Xəstəmiz sağlamdır və ictimai xadimdir. Hazırda öz işinin başındadır.

İlk əməliyyatdan sonra xəstəxananın maddi texniki bazası yeniləndi və müasir avadanlıqlar gətirildi. Şöbəmizin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etdi və tövsiyələrini verdi. 2011-ci ildə isə bizim komandamız tərəfindən Naxçıvanda ilk böyrək köçürülməsi əməliyyatı icra edildi.

– Bu günə kimi nə qədər xəstəyə orqan transplantasiyası edilib?

– 600 xəstəyə orqan köçürmüşük. Bu xəstələrdən 146-na qaraciyər, digərlərinə isə böyrək transplantasiyası edilib. Nəticələr qənaətbəxşdir. Təəssüf ki, bizə müraciət edən şəxslər ağırlaşmış vəziyyətdə olurlar.

Bir neçə il əvvəl Avropa Qaraciyər Transplantasiya Reyestrinin əməkdaşları Azərbaycana gəldi və bizim nəticələrimizlə tanış oldular. Daha sonra həmin reyestrə qəbul etdilər. Məşhur bir reyestrdə bizim adımız var. Bu, bizə qürur verir.

– Orqan transplantasiya olunanlar arasında dünyasını dəyişənlər olubmu?

– Bu əməliyyatların edilməsi çətin və mürəkkəbdir. Orqan köçürülməsi əməliyyatlarında 20 faiz fəsadlaşma ehtimalı var. Bu, bütün dünyanın qəbul etdiyi rəqəmdir. Dünyada elə bir aktiv transplantasiya edən bir mərkəz yoxdur ki, oranın etdiyi əməliyyatın nəticəsi yüz faiz olsun. Bunu kim desə, yalan danışmış olur.

Təbii ki, xəstənin ağırlıq vəziyyəti, xəstəxanaya gəlişi kimi halları nəzərə alsaq, əməliyyatlarda qaraciyər transplantasiyasında ölüm nisbəti 20 faizdir. Mərkəzin qaraciyər transplantasiyası bir illik həyatda qalma 94, üç illik 82, beş illik isə 74 faizdir. Məsələn, 100 qaraciyər xəstəsi əməliyyat olunmalıdır. Əməliyyat olunmasa, nə olacaq? Hər 100 xəstənin 20 faizində fəsadlaşma olur.

Əməliyyat olunmayan xəstələrin isə 100 faizi ölür. Bu baxımından, dünyada statistik rəqəmlər eynidir. Böyrək köçürülməsində isə bu rəqəm 15 faizdir. Donor nə qədər yaxın, qohum olsa da, köçürülən orqan bədənə yad cisimdir. Orqanizm tərəfindən onun qəbulu uzun vaxt və əmək sərf edir.

Bədənin orqanı qəbul etməsi üçün, yəni onu rədd etməməsi üçün həmin şəxslərə immuniteti aşağı salan xüsusi immundepresantlar verilir. Həmin dərmanlar olmazsa, orqan bədən tərəfindən rədd edilir. Bu dərman preparatları orqanizmin müqavimətini aşağı saldığı üçün təsir göstərir.

Onları müəyyən infeksion xəstəliklərə açıq edir. Nəticədə, orqanizm daha həssas olur. Bu səbəbdən də əməliyyat olunmuş xəstələrə hər hansı bir infeksiyanın düşməsi nəticəsində ciddi problemlər yarana bilir.

– Böyrək və qaraciyər transplantasiyasının qiyməti nə qədərdir?

– Bu suala dəqiq cavab verə bilmərəm, çünki bu barədə tam məlumatım yoxdur. Bu məsələ ilə əlaqədar xəstəxana xidmətlərinə müraciət etsəniz, daha doğru olar

– Azərbaycanda donor qıtlığı varmı?

– Bu problem dünyanın hər yerində var.

– Bəzən internet üzərindən orqanını satan və ya bağışlayanlara rast gəlinir. O cür insanlardan donor kimi istifadə edilirmi? Sizə müraciət edirlərmi?

– Bu, qanunla qadağandır və etik olaraq da doğru deyil./oxu az

Interpress.Az