Eyni meydan, eyni məkan… Sabir Rüstəmxanlı ilə 26 il sonra – VİDEObackend

Eyni meydan, eyni məkan… Sabir Rüstəmxanlı ilə 26 il sonra – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 noyabr Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı gündür. 26 il əvvəl, 1988-ci ilin noyabrında Azərbaycan xalqı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı oldu. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin “olum, ya ölüm” savaşı başladı.

O günlərdə xalq hərəkatının liderlərindən, meydanın qəhrəmanlarından biri də xalq şairi Sabir Rüstəmxanlı idi. Xalqın içindən gələn həqiqətləri meydanda tribunadan hayqıran səslərdən biri də o idi. 26 il sonra millət vəkili, VHP sədri, DAK həmsədri Sabir Rüstəmxanlı ilə məhz həmin yerdə, Azadlıq meydanında görüşdük.
O, meydan hərəkatı haqqında xatirələrini, hələ də çoxlarına bəlli olmayan faktları açıqladı.

– Sabir bəy, 26 il öncə bu gün, burada mənzərə necə idi? Meydan hərəkatı nədən başladı və necə hərəkata çevrildi?

– Bu gün həm Azərbaycan tarixinin, həm də mənim həyatımın unudulmaz günlərindən biridir. Mitinqin səbəbi o idi ki, 1988-ci ilin fevral ayından hökumət qarşısında irəli sürülən tələblərin heç biri yerinə yetirilməmişdi. Bu vaxta qədər dəfələrlə mitinqlər keçirilmişdi, ancaq təəssüf ki, heç bir nəticəsi olmamışdı. Artıq bıçaq sümüyə dirənmişdi, millət ayaq üstə idi. Ona görə də, hazırlıq gedirdi, xüsusən universitetin tələbələri, təşəbbüskar gənclər, eyni zamanda bizim Yurd cəmiyyəti mitinqə hazırlıq görürdük. 17 noyabrda səhər tezdən universitetdən və akademiyadan meydana doğru bir hərəkat başladı. Bir də zavodlar tərəfdən axın başladı. Ancaq akademiyadan və universitetdən gələn tələbələr M.Ə. Sabirin heykəlinin qarşısında saxlanıldı. Avtobuslarla yolu kəsmişdilər.

Biz etiraz əlaməti olaraq küçədə yerə oturduq. Sonra arxadan daha çox insan axın etdi və onları saxlamaq mümkün olmadı. Avtobusları götürməyə məcbur oldular, yol açıldı. Sonra Qoşa Qala qapısının qabağında mitinqi dayandırmaq istədilər, Fuad Musayev o zaman Bakı Şəhər Partiya Komitəsinin katibi idi, orada mikrofon qoydu ki, mitinq burada keçirilsin. Rəhmətlik Vəli Məmmədov o zaman 26-lar (Səbayel) Rayon partiya komitəsinin katibi idi, istədi orada çıxış eləsin, ancaq xalq qəbul eləmədi. Mən də dedim ki, sizin bu cəhdiniz əbəsdir, xalq meydana gedəcək və bunun qarşısını almaq mümkün deyil. Məcbur oldular yolu açdılar və xalq qısa müddətdə meydanı doldurdu.

– Necə oldu ki, meydan hərəkatının liderlərindən birinə çevrildiniz? Bunu xalq istədi?

– Elə həmin gün akademiyanın və universitetin tələbələri bayraq qaldırdı, çıxışlar etdilər. Sonra mənə dedilər ki, bizim bu mitinqi sona qədər aparmaq imkanımız yoxdur və xahiş edirik ki, siz aparasınız. Tribunada çox az adam var idi və onlardan biri də mən idim. Beləliklə, o gün başlanan mitinqlər 18 gün ərzində davam elədi. Həmin müddət ərzində meydanın faktiki olaraq iki lideri var idi, şair Sabir Rüstəmxanlı və fəhlə Nemət Pənahov. İndi mən televiziyalarda baxıram, müxtəlif versiyalar irəli sürürlər ki, kim idi meydanın lideri. O vaxt meydana aidiyyatı olmayan adamları da gətirib ora calamaq istəyirlər. Ancaq o zaman qəzetlər açıq yazırdı, şəkillər də var. “Kommunist” qəzeti meydanda olan insanların şəklini vermişdi. Bu qəzetdə “Xalqın səsi” adlı böyük bir yazı getmişdi. Hər şey insanların gözünün qabağında idi, millət ancaq inandığı adamları eşidirdi. O zaman hələ siyasi liderlər yox idi, siyasi bir hərəkat başlamamışdı. Bu, Qarabağ məsələsi ilə əlaqədar başlayan etiraz idi. Lakin dövlət, yəni Moskva xalqa etinasız yanaşdığından bu etiraz milli azadlıq hərəkatına çevrildi. Ordu gələndə, xalq gördü ki, Moskva Yerevana heç bir söz demədən, onların səsini batırmaq istəyir. Bu səbəbdən sırf Qarabağ məsələsi ilə bağlı başlayan mitinq çevrilib milli azadlıq hərəkatı oldu.

– Üçrəngli Azərbaycana bayrağının meydana gəlişini necə xatırlayırsınız? Başqa bayraqlar da var idimi?

– Mitinqin üçüncü günündə meydanda ilk dəfə üçrəngli bayraq dalğalandı və yadıma gəlir, stenoqramlarda da qalıb, mən dedim ki, bu meydana yaşıl və digər rənglərdə bayraqlar gətirib bu hərəkata dini don geyindirmək və milli azadlıq ruhuna kölgə salmaq istəyirlər. Mən vurğuladım ki, bu bizim milli azadlıq mübarizəmizdir, yaşasın üçrəngli bayraq, bizim milli bayrağımız odur və ondan başqa bütün bayraqlar yığışdırılsın. O gündən sonra bu meydanda yalnız bir bayraq qaldı, o da üçrəngli bayraq idi. O zaman Hökumət Evinin üstündə Leninin heykəli var idi, biz bayrağı onun qoluna sancdıq və 18 gün bu bayrağı meydanda Lenin “dalğalandırdı”. Birinci gündən sonra tələbələr də, sadə insanlar da meydanın dağılmasını istəyirdilər.

Eyni meydan, eyni məkan... Sabir Rüstəmxanlı ilə 26 il sonra - VİDEO

Əslində ilk günlərdən hamı meydanın dağılmasını istəyirdi, ancaq meydan dağılmadı. Sonra mən də dedim ki, biz istəmirik xalqla Moskvadan gələn ordu arasında qarşıdurma yaransın, dağılıb sonra daha güclü şəkildə gəlmək lazımdır. Xalq o zaman həqiqətən bizi dinlədi və biz kürsüdən atıldıq. Əvvəlcə Nemət Pənahlı atıldı və xalq onu çiyinlərinə alıb meydandan uzaqlaşdırdı, sonra da məni çiyinləri üzərində meydandan çıxartdılar. Bəxtiyar Vahabzadə, Aydın Məmmədov da çıxış elədilər ki, meydan dağılmalıdır. Biz istəyirdik ki, gedib daha güclü qayıdaq. Məqsədimiz o idi ki, Bakıda o zaman hərbi vəziyyət elan olunmasın. Ancaq təəssüf ki, müəyyən güclər o vaxt meydanın dağılmasına imkan vermədi. Biz istəyirdik ki, yüzminlərlə insan eyni anda dağılsın və ordu müdaxilə etməsin, Bakıda qalmasın və 7 ay bizim əlimiz-qolumuz bağlanmasın.

Sonralar mən dəfələrlə bu haqda yazdım. O meydan bir azadlıq universiteti idi, qəhrəmanlıq universiteti idi. Meydanda millət 100 il ərzində yaşadığı ağrı-acıları eşitdi. Rusiya Azərbaycanı parçaladıqdan sonra bu millətin başına bəlalar açdığı haqqında cəsarətli çıxışlar eşitdi. O meydanda millət Sovet dövründə deməyə cəsarət etmədiyi bütün həqiqətləri dedi. Millətin içindən xof çıxdı, millətin qəddi düzəldi, millət öz gücünü gördü. Xalq anladı ki, onun ruhu hələ də yerindədir və o öz haqqını müdafiə etməyə qadirdir.

– Meydan hərəkatını Sovet DTK-sına bağlayanlar var. DTK-nın təsiri var idimi hərəkata?

– Meydan hərəkatının əhəmiyyətini kiçiltmək olmaz. Bəzən deyirlər ki, “KQB” təşkil etmişdi bu mitinqi. O zaman sual yaranır ki, o günə kimi, o kitablar ki, insanların əlində idi, o kitabların təsiri ilə meydana gəlmişdirlər, bəs onu kim yazmışdı. Onu da “KQB” yazmışdı? Əgər bu meydanı hökumət təşkil etmişdisə o zaman İstiqlaliyyət küçəsində və başqa yerlərdə meydana axışan xalqın yolunu niyə kəsirdi?

Eyni meydan, eyni məkan... Sabir Rüstəmxanlı ilə 26 il sonra - VİDEO

– Sizin haqqınızda da deyilir ki, sizi meydana “KQB” göndərmişdi…

– (gülür) Bu necə ola bilər, o zaman mənim əvəzimə “Ömür kitabı”nı da “KQB” yazmışdı? O vaxt hakimiyyət özü aciz idi. Hakimiyyət bizə yalvarırdı ki, icazə verin biz də meydanda çıxış edək, sözümüzü deyək. Biz qəbul etmirdik.

Mən bir dəfə axşam qaranlıqda bir “KQB” işçisi ilə qarşılaşdım. Meydana gəlirmiş. Mənə dedi ki, qorxmayın, biz də sizinləyik. “KQB” millətin qorxusundan özünü xalqla bir yerdə imiş kimi göstərirdi, çünki, başqa yol yox idi. Mən bir daha bunu bəyan etmək istəyirəm, çünki bu, tarixdir, tarixi həqiqətlər deyilməlidir. Meydanın 5-ci, ya da 6-cı günü idi, mənə meydanda tanımadığım bir adam yaxınlaşdı və dedi ki, sizi gözləyirlər, Vaqif müəllim sizinlə görüşmək istəyir. Vaqif Hüseynov o zaman Bakıda Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. Mən narahat oldum ki, bu nə ol bilər. O vaxt hamımız qorxurduq, çünki bilmirdik sonu necə olacaq. Mən gedib onunla görüşdüm, yanında tanımadığım iki-üç nəfər adam da var idi. Sonradan məlum oldu ki, Moskvadan gəliblər. Əgər mənim onlarla əlaqəm olsa idi, o zaman bu görüşə ehtiyac olmazdı.

Mən qorxurdum ki, məni həbs edə bilərlər, ancaq bunun əksinə Vaqif Hüseynov məni çox mehriban qarşıladı və qorxum da yox oldu. Yanındakı şəxsləri mənə təqdim edib dedi ki, onlar Moskvadan gəliblər və nə meydan hərəkatı haqqında, nə də Qarabağda baş verənlər haqqında heç bir məlumatları yoxdur. Məndən xahiş etdi ki, meydanda dediyim sözləri onlara da deyim və çəkinmədən, sərt bir şəkildə fikirlərimi bildirim.

Eyni meydan, eyni məkan... Sabir Rüstəmxanlı ilə 26 il sonra - VİDEO

Mən təxminən 2-3 saat ərzində Moskvadan gələnlərə Ermənistanda bizim əleyhimizə yazılmış kitablardan başlamış, Qarabağda torpaq iddiası, Topxana meşəsində aparılan tikinti, meydandakı çıxışlar, Sovet hakimiyyətinin xalqın başına gətirdiyi bəlalar haqqında danışdım. Mən cəsarətlə bu fikirləri dedikcə, Vaqif Hüseynov arxadan mənə əl işarəsi ilə “əla” göstərirdi ki, davam elə, narahat olma. Bu bir tarixi həqiqətdir və mən bunu gizlədə bilmərəm. Mən o zaman gördüm ki, bizim sözümüzə “KQB”-nin də ehtiyacı var, xalq qarşısında aciz olan Mərkəzi Komitənin da ehtiyacı var. Ancaq o zaman hakimiyyətdə olan Vəzirov Moskvaya, Qarbaçova inanırdı. Deyirdi ki, meydan dağılsın, Qarbaçov bu məsələni həll edəcək.
Meydanda müxtəlif qruplar var idi ki, hərəkatı öz tərəflərinə çəkmək istəyirdilər. Ancaq mənim o qrupların heç birinə aidiyyatım yox idi. Mən illər uzunu dediyim sözün ardınca meydana gəlmişdim. Sonradan da yazmışam ki, mənim bütün ömrüm meydana gələn yol imiş. Mən bütün ömrümü meydana doğru gəmişdim, meydan üçün yaşamışdım. Meydanın dağılması üçün heç kimi eşitməyən xalq məni eşitdi. Meydan hərəkatı mənim tərcümeyi-halımın parlaq bir səhifəsidir, heç kim bunun üstündən xətt çəkə bilməz. Millətin tarixinin də unudulmaz bir səhifəsidir.

Eyni meydan, eyni məkan... Sabir Rüstəmxanlı ilə 26 il sonra - VİDEO

– Meydanda sizinlə çiyin-çiyinə dayananlardan biri də Nemət Pənahlı idi. Onunla münasibətləriniz davam elədimi? Hazırda onunla, ailəsi ilə maraqlanırsınızmı?

– Təəssüf ki, son vaxtlar əlaqəm yoxdur. Ancaq o, həbs olunmazdan bir müddət əvvələ qədər əlaqələrimiz olub, münasibətlərimiz davam edirdi. Nemət 26 yaşında meydana çıxmış bir gənc idi, kasıb, evsiz-eşiksiz. Mən Moskvadan gələn şəxslərə də demişdim ki, gedin onun üzündəki qabara baxın, hansı şəraitdə yaşamasına baxın, o, yaşadıqlarını, həyatda gördükləri zülmlərdən danışır. Nemətlə bizim aramızı vurmaq üçün çoxlu yalanlar uydurdular, müxtəlif qruplar heç demədiyimiz sözləri bizim adımızdan çap edib yayırdılar. Mən Neməti məhz bu meydandakı fəaliyyəti ilə tanıyırdım. O mənə deyirdi ki, ətəklərimizi bir-birinə tikək ki, ayrılmayaq. Mən ətəyini mənim ətəyimə tikmək istəyən və meydanda cəsarətlə sözünü deyən, bir çox ziyalılarımızın qorxub çəkildiyi tribunada ziyalı səviyyəsində çıxış edən o Neməti tanıyıram. O tarix mənə necə əzizdirsə, Nemət də bir o qədər əzizdir. Sonra həyat onu hara çəkdi, hara apardı, bu, başqa bir məsələdir. Ancaq məhz o günlərin xətrinə onun indiki şəraitinin yüngülləşdirmək üçün hansısa addımlar atılmalıdır.

Eyni meydan, eyni məkan... Sabir Rüstəmxanlı ilə 26 il sonra - VİDEO

– Sabir bəy, meydanda pul yığan kimlər idi? Sonradan o pulların taleyi necə oldu?

– Meydanda çadır qurulmuşdu, Nemət də o çadırda qalırdı. Pullar əsasən o çadıra gəlirdi. Mənə də bir neçə dəfə müraciət edənlər olmuşdu, mən adətən kürsüdə olurdum deyə ora gələnlər az idi. Çadıra gələnlər olurdu, Nümayiş Komitəsi var idi, ora da gələnlər olurdu, orada da pullar yığılırdı. Bu pullar sonradan Ermənistandan köçüb gələnlərə yardım üçün verilmişdi. Hamısı dəftərlərdə qeyd olunmuşdu. Mən meydanda pul yığılma məsələsi olanda ilk gündən demişdim ki, bu pul söhbəti bizim meydandakı təmiz işimizə, xalqın iradəsini əks etdirən hərəkata kölgə salan bir məsələdir. Tapşırmışdım ki, meydanda pul yığılmasın. İlk günlərdə bu tribunanın qarşısında kimlərsə papaq qoyub pul yığırdılar. Mənim bunlardan xəbərim olmayıb. Ona görə ki, nə pulların yığılması prosesi, nə də o vəsaitin sonrakı taleyi ilə bağlı heç nə deyə bilmərəm.

– Ən maraqlı məqam odur ki, bu gün 2-3 min nəfərlik kiçik bir mitinq qarşıdurmaya qədər gəlib çıxır. Necə oldu ki, milyonlarla insanın meydanda olduğu bir vaxtda ölkədə xaos yaranmadı, şəhərdə oğurluq, kriminal, qarşıdurma olmadı?

– Bakıda çoxlu maraqlı qüvvələr var idi ki, bu meydanda bir qarışıqlıq olsun. Amma biz Nümayiş Komitəsində meydanın təhlükəsizliyini təmin eləmişdik. Burada əfqan əsgərləri var idi, onlar meydanı qoruyurdular və buraya kənar şəxslərin gəlməsinə imkan vermirdilər. Meydan hərəkatında heç bir qarışıqlığın yaranmaması millətimizin nə qədər ayıq-sayıq və məsuliyyətli olmasını göstərirdi.

O vaxt Bakıda bir çox qüvvələr var idi ki, 1990-cı ilin 20 yanvar hadisəsinin 1988-ci ildə olmasını istəyirdilər. Həm xalqın ayıqlığı, həm də bizim iradəmiz buna imkan vermədi. Mən çıxışlarımda demişdim ki, burada bir nəfərin burnu qanasa onun məsuliyyəti həm də mənim üstümdədir. Bakıda bu qədər rus, erməni yaşadığı halda meydanda bir nəfərin də burnu qanamırsa, bu bizim millətimizin böyüklüyüdür. Mən bu sözləri o zaman meydandan demişdim. Həmçinin Sumqayıt hadisələrinin nəticələri göz qabağında idi. Mən 18 günün sonunda məhz bununla qürur duydum ki, bizim sözümüzü eşidən, bizə inanan millətin hansısa təxribata uymasına imkan vermədik.

Eyni meydan, eyni məkan... Sabir Rüstəmxanlı ilə 26 il sonra - VİDEO


– Bu gün hava çox soyuqdur, yarım saat burada durmaq mümkün deyil. O zaman, belə soyuqda 18 gün burada necə qaldınız?

– Bəli, o zaman da hava çox soyuq idi. Ancaq bura o qədər adam yığılmışdı ki, onların hənirtisi bizi tribunada üşüməyə qoymurdu. Bir sözlə, xalqın nəfəsi bizi isidirdi. O vaxt burada tonqallar qalamışdılar, od asfaltı yandırmışdı, meydanda çalalar yaranmışdı. Sonralar buradan maşınla keçəndə hər dəfə o çalalara düşəndə həmin günlər yadıma düşürdü, kövrəlirdim. İndi gördüyünüz kimi, o çalaların üstündən asfalt çəkilib. Kaş ki, saxlanaydı. O da şərəfli tariximizin bir izi idi.(musavat)

İnterpress.az