«Dövlət bankların səhmlərini almalıdır»backend

«Dövlət bankların səhmlərini almalıdır»

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Hökumət necə olur ki, Beynəlxalq Bankı xilas etmək üçün 3 milyardlıq daxili borclanmaya gedə bilir, amma əhalinin xeyrinə bu addımı atmaq istəmir»
Hökumət böhrandan çıxmaq üçün yeni tədbirlər proqramı hazırlayıb. Bura özəlləşdirmə, vergi sistemində müəyyən dəyişikliklər, əmanətlərin sığortalanması, yeni investisiya qaydaları və sair məsələlər daxildir. Bununla bağlı bir sıra qanunlara dəyişikliklər oldu. Prezidentin keçirdiyi son müşavirədə qaldırdığı bu məsələlərə daha geniş aydınlıq gətirmək, hansı nəticələrin əldə oluna biləcəyini təhlil etmək üçün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevlə söhbətləşdik.

– Rövşən bəy, tədbirlər proqramına hansı fundamental məsələlər salınıb?

– Bir neçə fundamental məsələ var. 500 manatdan yuxarı əmanətlərə tətbiq edilən gəlir vergisinin ləğvi, əmanətlərin 3 illik vergiyə cəlb olunmasının dayandırılması və qorunan əmanətlərin hamısının sığortalanması nəzərdə tutulur.

Habelə, ölkədən çıxan bütün vəsaitlərə 20 faiz rüsum tətbiq edilib. Yalnız burada bir məqam var. Əgər hüquqi və fiziki şəxslərin xaricdə müəssisəsi varsa və ora yatırım ediləcəksə, o zaman 20 faiz 50 min dollardan yuxarı olan hissəyə şamil ediləcək. Amma əgər əmlak almaq, əmanət yatırmaq və ya başqa məqsədlə çıxarılacaqsa, o zaman bütöv məbləğə 20 faiz rüsum şamil ediləcək.
Doğrudur, bazar iqtisadiyyatı ölkələrində kapitala qadağa qoyulması yolverilməzdir. Amma keçid mərhələsi üçün hökumətin bu addımını normal hesab edirəm. Hazırda manatın dəyərdən düşməsinin əsas səbəblərindən biri ölkədən kapital axınının yüksək olmasıdır. Valyuta gəlirlərinin kəskin azaldığı dövrdə ölkədən kapital axını artıb.

Düşünürəm ki, hökumət ilk olaraq hədəflər müəyyənləşdirməlidir. İqtisadiyyatın liberallaşmasının hədəflərindən yayınmamaq lazımdır. Əmtəə və xidmətlərin axınlarına məhdudiyyətlər iqtisadiyyatın liberallaşmasının ziddinə olan bir addımdır. Sadəcə olaraq, elan olunmalıdır ki, keçid mərhələsidir. Ukraynada qrivnanın qorunmasında ölkədən kapital çıxışına nəzarətin gücləndirilməsi əsas rol oynayıb. Hazırda çox ciddi böhrandır. Azərbaycan hökumətinin əsas səhvi odur ki, böhranın olduğunu etiraf etmir. Bu, anti-böhran tədbiridir və cəmiyyət mesaji bu cür almalıdır. Ona görə də insanlar düşünür ki, normal vəziyyətdə niyə belə çətinliklərlə üzləşməlidirlər. Düşünürəm ki, hökumətin gördüyü işlər böyük bir anti-böhran tədbirləri çərçivəsində olmalı idi. Həmin tədbirlərin isə müddəti müəyyənləşməlidir. Tutaq ki, 2015-2017 və sair. Hər kəs bilməli idi ki, məhdudiyyətlər hansı müddəti əhatə edəcək.

Məsələnin digər tərəfi isə, həmin məhdudiyyətlərin nə dərəcədə effektiv işləyəcəyi, hamıya nə dərəcədə bərabər tətbiq olunacağıdır. Əsas narahatlıq odur ki, bu məhdudiyyətləri tətbiq edən insanlar bunu özlərinə şamil etməyəcəklər. Çünki hakimiyyətdəki məmurların bir çoxu biznesin üzərində olan adamlardır, maraqlı tərəfdir. Həmin məhdudiyyətlər bu insanlara da tətbiq olunacaqmı? Onlar bir tərəfdən qanun qəbul edirlər, başqa tərəfdən qanun həm də özlərinə aiddir. Əgər qırmızı xəttin yanında keçib gedəcəklərsə, o zaman qəbul olunan qanunlar işlək olmayacaq.
Bütün əmanətlərin sığortalanması, həmçinin gəlir vergisindən azad olunması müsbət addımlardır. Amma bunun nəticələri hesablanıbmı? Burada əsas məqsəd odur ki, banklara inam artsın, insanlar kütləvi şəkildə əmanətlərini geri çəkməsinlər. İndi baxmaq lazımdır ki, doğrudanmı əmanətlərin geri çəkilməsinin əsas səbəbi 500 manatdan yuxarı olan hissənin vergiyə cəlb olunması və ya vəsaitlərinin tam sığortalanmamasıdır? Verginin deyil, amma sığortanın müəyyən təsiri ola bilər. Başqa bir məsələ isə hökumətin sığortanın arxasında durmağa hazır olmasıdır…

– Əmanətlərin Sığortalanması Fondunun ehtiyatlarının banklara yatırılan bütün əmanətlərin kompensasiyasına yetmədiyini deyirlər. Doğrudanmı, bu məsələdə narahatlığa əsas var?

– Hesab edək ki, 30 mindən yuxarı olan bütün əmanətlər sığortalanır, yəni tavan götürüldü. O zaman sual olunur ki, sabah istənilən situasiyada vətəndaş istədiyi vaxtda pulunu çıxara biləcəkmi, likvid vəsaiti olacaqmı. Burada önəmli məsələ bankın əlində likvid vəsaitin olmasıdır. Hər bir bankın məcburi ehtiyatlar norması var. Qəbul etdiyi əmanətlərin müəyyən faizini ehtiyat olaraq saxlayır. Əgər vətəndaş daha yüksək həcmdə depozitini geri çəkmək istəyirsə, bu ehtiyat yetəcəkmi? Dövlət buna təminat verməlidir. Bu cür təminatın qarşısında bank sektoruna etimadı qaytarmaq olar.
Mənim bir təklifim var idi. Belə ki, ölkədə pul qıtlığı yaranıb, pul kütləsi 2 dəfə azalıb. İndiyədək pul təklifini neft gəlirləri hesabına artırırdıq. Bu gün bu mənbə kəsilib. Ona görə də Mərkəzi Bank əlavə vəsait dövriyyəyə buraxa bilmir. Dünya təcrübəsində bunun yollarından biri qiymətli kağızların buraxılmasıdır. Mərkəzi Bank hökumətin qiymətli kağızlarını alır, bunun müqabilində isə pul çap edib buraxır. Hələ ki, bu yolu seçməyi düşünmürlər.

Bunu necə edə bilər? Hökumət Dövlət Neft Fondunun ehtiyatlarından istifadə edə bilər. Belə ki, 6-7 bankın birləşəcəyini, onların sayının 40-dan aşağı düşəcəyini deyirlər. Əslində, bu bankarın arasında da 10-15-i problemli banklardır. Çünki onların likvidlik problemi var, böyük borclar alıblar və onun qaytarılmasında çətinliklər yaranıb. Eyni zamanda, problemli kreditləri artıb, birinci devalvasiyadan sonra əhali əmanətlərini kütləvi şəkildə dollara çevirdi. Banklar da manatla pul qazanıb, dollarla əhaliyə qaytarmalıdırlar. Bunların hamısı bank sektorunda böyük likvidlik probleminə gətirib çıxarıb. Bank sektorunda pul təklifi artıq azalır. Əhali əmanətini dollar şəklində qoyub, manatla kredit götürmək istəyir, banklar isə risk edib manatla kredit vermək istəmirlər. Çünki onun ucuzlaşmayacağına təminat yoxdur. Bankar da pulu kreditlə qazanırdılar. İqtisadi fəallıq öldüyü üçün heç kəs də kredit götürmək istəmir. Nəticədə pul qıtlığı yaranıb. Pulu Mərkəzi Bank bir dəfə çap edir, sonra onu iqtisadiyyata yatırmalıdır. Yəni banklar kredit verməli, pul dövr edib, yenidən banklara qayıtmalıdır. Belə bir dövr etmə prosesində pulun özü çoxalmalıdır. Azərbaycanda bu axın prosesi pozulub, iqtisadiyyat, sahibkarlıq sektoru çalışmadığına görə pul təklifi arta bilmir. Üstəgəl, manat ucuzlaşdığına görə qiymətlər kəskin artıb. Buna görə sahibkarların, əhalinin ənənəvi xərcləri 50 faiz çoxalıb. Eyni xidmətə, eyni məhsula daha çox pul xərcləndiyinə görə iqtisadiyyatda valyuta qıtlığı yaşanır. Belə bir vəziyyətdə, hökumət nə edə bilər? Hansı banklar ayaq üstə qala biləcək, hökumət onların bəzilərinin səhmlərini pul verib ala bilər. Sonra həmin pul iqtisadiyyata yönəldilər. Bunun üstün cəhətlərindən biridir ki, hökumət burada pul itirmir. Əgər həmin vəsait əvəzsiz şəkildə banklara verilsə, geri qayıtmayacaq. Necə ki, Beynəlxalq Bankda korrupsiya yeminə çevrilmiş pulu hökumət qarşıladı. Amma Neft Fondunun aktivlərindən istifadə edərək səhmləri alsa, daha müsbət nəticələr əldə edə bilər. Əhalinin inamı artacaq və görəcək ki, bank sektorunun arxasında dövlət durur.

Bu, liberallaşmanın əleyhinə olan bir məsələ olsa da, böhran şəraitində dövlətin müdaxiləsi normal hesab edilir. Ötən əsrin 30-cu illərinin qlobal maliyyə böhranını xilas edən məhz dövlətin iqtisadiyyata müdaxiləsi oldu. Hətta ABŞ-da da dövlət banklara müdaxilə etdi. Azərbaycanda da Neft Fondunun vəsaitlərindən bu istiqamətdə istifadə etmək olar. Bir neçə ildən sonra bankların səhmlərinin qiyməti artacaq. O zaman investorlara sataraq Neft Fondunun aktivlərini də xilas etmək olar.

Bununla paralel kreditlərin sığorta fondu yaradılmalıdır. Fond sabit məzənnə ilə kreditləri sığortalamalıdır. Bu vəziyyətdə nə banklar, nə də vətəndaşlar risk altında qalacaq.

– Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 5 min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Sizcə, kompensasiya edə biləcək hansı mənbələr ola bilər?

– Maliyyə mənbələrindən birini dedim. Hökumət həmin bankların səhmlərini almaqla aktivlərindən istifadə edə bilər. Başqa mənbələr də tapıla bilər.

Bizdə 7.5 milyard səviyyəsində dollar krediti var. Onun 2 milyardı vətəndaşların, 5.5 milyardıı hüquqi şəxslərindir. Vətəndaşlara verilən kreditlərin çoxu kiçik istehlak kreditləridir. Düzü, biznes kreditlərinin nə qədər hissəsi 5 min dollaradəkdir, bilmirəm…

– Elman Rüstəmov ümumilikdə, 250 milyon dollardan söhbət getdiyini deyir…

– 250 milyon manat böyük vəsait deyilər. Əgər güzəştlər 10 min dollara qədər kreditlərə şamil edilərsə, o zaman daha böyük vəsaitdən söhbət gedə bilər.
Hökumətin bank sektorunda iştirakçılığının 2 müsbət nəticəsi ola bilər. Həm bankları böhrandan xilas etmiş olur, həm də əhali arasında inam yaradar. Belə vəziyyətlərdə vətəndaş dövləti yanında görmək istəyir.

Mənbələrdən biri daxili borclanma da ola bilər. Hökumət necə olur ki, Beynəlxalq Bankı xilas etmək üçün 3 milyardlıq daxili borclanmaya gedə bilir, amma əhalinin xeyrinə bank sektoruna dəstək vermək üçün bu addımı atmaq istəmir. Böhranda çarə tükənmir. Sadəcə olaraq elə alətlər seçilməlidir ki, gələcəkdə effekt olsun.

O baxımdan qəbul ediləcək qanunların da nə dərəcədə nəticəsi verəcəyi sual doğurur. Açığı, mənim şübhələrim var. Tələsik qəbul olunur, amma ciddi şəkildə ictimaiyyətin müzakirəsinə ehtiyac var. Riskləri, təhlükələri, mənfi və müsbət tərəfləri hesablanmalıdır, siyasi sənədlər işlənməlidir. İlk baxışda müsbət görünə bilər. Amma bir müddətdən sonra qanunların effekt vermədiyinin şahidi ola bilərik. Məsələn, ixraca dəstəklə bağlı qanun qəbul olunub, Prezidentin bununla sərəncamları olub. Habelə, kənd təsərrüfatında idarə etmənin təkmilləşdirilməsi ilə bağlı 2 dəfə sərəncam verilib. Nə dəyişilib? Qanunların qəbul olunması problemləri tam həll etmək demək deyil. Siyasi fon dəyişməlidir. Prezident ayın 18-də ixracın dəstəklənməsi ilə bağlı yeni sərəncam imzalayıb. İxracla məşğul olacaq şirkətləri xaricdəki xərclərinin qarşılanması, xarici bazarın araşdırılaraq onlara müntəzəm məlumatların verilməsi və sair maraqlı təkliflər var. Bir tərəfdən qanunu qəbul edirlər, digər tərəfdən isə antiinhisar qanununu pozaraq sahibkarı qanuna zidd arqumentlərlə sıxışdırırlar. Qanunlar sahibkarlara ünvanlanıb. İndiki addımların sahibkarlıq mühitini xilas edib-etməyəcəyi önəmli məsələdir. Siyasi iradə olmalı, idarəetmə təkmilləşdirilməlidir. Hansısa nazirliyin, dövləti qurumunun ləğv edilməsi gözəldir, lakin vacib olan mexanizmlərdir. Hər bir nazirliyin strateji planı olmalıdır, parlament qarşısında hesabatlılığı məcburi norma kimi tətbiq edilməlidir. Bu mexanizmlər yoxdur. Nə qədər ideal qanun qəbul olunsa belə, dövlət idarəetməçiliyində ictimai nəzarət, səmərəli parlament nəzarəti, azad məhkəmə sistemi yoxdursa, effekt verməyəcək.

İnterpress.az