“İnsanları manipulyasiya etməyi etik hesab etmirəm”backend

“İnsanları manipulyasiya etməyi etik hesab etmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

-Hər bir insan istəyər ki, ətrafındakılara müəyyən qədər təsir edə bilsin. Bəs hamı bu bacarığa malikdirmi?

-Bir insanın digər insana onun xəbəri olmadan təsir etməsi manipulyasiya adlanır. Manipulyasiyalar iki cür olur: insanın niyyətindən asılı olaraq, yəni öz iradəsi ilə manipulyasiya etməsi və niyyətində olmadan. Biz həyatımız boyu kimlərisə manipulyasiya edirik, ancaq bir də var ki, bunu məxsusi şəkildə öyrənib araşdırırlar. Bəzi insanlarda bu bacarıq sanki fitrən mövcud olur, təəssüf ki, bəzən həmin insanlar bu qabiliyyətlərindən fırıldaqçılıq üçün istifadə edirlər. Belə insanlar qısa bir müddət içində sanki insanları hipnoz edib onları özlərinə inandıra bilirlər. Məsələn, bəzi falçılar insanları özlərinə rahatlıqla inandıra və onlardan istifadə edə bilirlər. Bu sahə ilə bağlı araşdırmalar kifayət qədər çoxdur.

-İnsanlarla davranış qaydaları, onlar arasındakı münasibətlər Karnegi tərəfindən də araşdırılıb, bir az onun fikirləri barədə məlumat verə bilərsinizmi?

Cəmiyyətdə belə bir yanlış fikir var ki, Deyl Karnegi böyük manipulyator olub, insanları təsir altına salıb. Lakin mən Karnegi klub treninq mərkəzinin rəhbəri olaraq Karnegini bir az müdafiə edəcəyəm.(gülür) Belə ki, özüm NLP-nin müxtəlif sahələrini Moskvada və Türkiyədə öyrənmişəm, lakin NLP-dən istifadə etməməyə çalışıram. Karneginin kitablarını oxuyanlar da bilir ki, onda manipulyasiya yox idi. Onun manipulyasiyası yalnız o idi ki, insanlara yaxşılıq et, həqiqətən də onların haqqında maraqlan, doğurdan da onların yaxşı cəhətlərini de və onlara yardım et. Bunları etdikdən sonra qarşılığını mütləq alacaqsan. Lakin biri də var ki, insanları öz tərəfinə çəkmək üçün yalanlar danışırsan, onları əsas olmadan tərifləyirsən. Karneginin amalı o idi ki, hər zaman doğrunu danış və doğru həmişə öz faydasını verəcək. İnsanlar başqalarına təsir edərək onları idarə etməyə, onların zəif nöqtələrini taparaq bu nöqtələrdən istifadə etməyə meyllidirlər. Həm şəxsi həyatda, həm biznes sahəsində, həm ictimai həyatda bu belədir. Təbii ki manipulyasiya sadə proses deyil, amma bu o demək deyil ki, bilməyərəkdən edilən manipulyasiya işləmir.

-Hansı sahələrdə NLP daha effektivdir?

NLP daha çox ictimai-siyasi sahədə tətbiq edilir. İctimai abu-havanı yaradan amillərdə,- seriallar, tv verilişləri, reklamlar, 25-ci kadr, subliminal mesaj və digər vasitələrlə insanları manipulyasiya edirlər. Bu sahədəki proses qlobal səviyyədə gedir. Hətta psixologiyada Overton pəncərəsi adlanan termin var ki, bir insanı əvvəllər qəbul etmədiyi bir şeyə qısa zaman ərzində inandırmaq mümkün olur.

-İnanmaq bir növ insanlara mənəvi rahatlıq verir, məsuliyyəti başqalarının üstünə atmaq üçün də bəzən insanlar asan yolu, yəni inanmağı seçirlər. Bu haqda münasibətiniz necədir?

-Çox maraqlı mövzuya toxundunuz, mən düşünürəm ki, heç nə təsadüfi olmur. Hələ bu gün səhər bir nəfər mənə buna bənzər sual verdi: “İnsanlar iradəvi varlıqlardı mı, yoxsa proqramlaşdırılıb?” Mən insanların iradəvi olduğunu deyəndə, həmin insan dedi ki, yox mən əksini düşünürəm ki, insanlar əvvəlcədən proqramlaşdırılıb. Bu cür yanaşma ilə insan inanır ki, ondan asılı olan bir şey yoxdu və məsuliyyəti öz boynundan atır. Ümumiyyətlə, din fəlsəfəsində üç yanaşma var: əşarilik, mötəzililik və beyna-beyn nəzəriyyəsi. Maraqlıdır ki, bəzi ateist düşüncəli insanlar da var ki, təbii determinizmə inanır və hər şeyin əvvəlcədən planlaşdırıldığını düşünür. Dində də bu düşüncəni qəbul edənlər, fikirləşirlər ki, hər şey alın yazısıdı və bunu dəyişmək olmaz. Bu yanaşma insanlar üçün ən «xoş» yanaşmadır, çünki beləliklə onlar hansısa uğursuzluqlarında özlərini günahkar görmürlər. İkinci yanaşmada qeyd olunur ki, insan tamamilə azaddır və hər növ azadlıq ona məxsusdur. Belələri düşünür ki, Allah sadəcə insanları yaradır və digər şeyləri insanın öz öhdəsinə buraxır. Deistlər və aqnostiklər (şübhəcilər) bu yanaşmanı qəbul edirlər. Birinci qisim deyir ki, nəsə yaradan bir varlıq var amma, o bizə hər hansı qanun qoymur, insan öz seçimlərini seçəndə azaddır. Liberalizm nəzəriyyəsi də müəyyən qədər bu düşüncələrə arxalanır. Lakin, insan hər şeydə azaddır, istədiyi yolu seçə bilər düşüncəsi də o yerə gətirib çıxara bilər ki, deməli, insana oğruluq da olar, narkomanlıq da olar və.s. Birinci növ yanaşma da bu baxımdan təhlükəlidir, çünki mənfi əməllərə əl atanları guya bu onların qisməti imiş və bu həmin insandan asılı olmadan baş verib düşüncələrini meydana gətirir. Üçüncü yanaşma beyna-beyn yanaşmasıdır ki, bizim dillə desək, hər şey əlli əlliyədir. Burada proses iki tərəflidir, yəni bəzi məsələlər Yaradandan asılıdır, insana da iradə azadlığı verildiyindən, müəyyən çərçivədə nələrisə dəyişə bilər. Hansı gün doğulmağımız və ya hansı ailədə doğulmağımız necə ki bizdən asılı deyil, digər cəhətdən kim olacağımız bizdən asılıdır. Biz iradəvi məxluqlarıq və öz hərəkətlərimizə görə məsuliyyət daşıyırıq.

-İşgüzar həyatda insanlara təsir göstərməyə daha çox ehtiyac duyulur, effektiv idarəetmə bütün müdirlərin, sədrlərin, liderlərin arzusudur. Bunun üçün onlar nə etməlidir?

-Yaxşı idarəçi üçün incə bir xətt var. Rəhbər tabeliyində olanları elə idarə etməlidir ki, nə həddindən artıq avtoritar olsun, nə də həddindən artıq güzəştə getsin. Rəhbərləri iki yerə bölmək olar: təyin olunan -avtoritar rəhbərlər və insanların özləri tərəfindən qəbul olunan liderlər. Ən yaxşı hal təyin olunmuş rəhbərin həm də lider olmasıdır bələ olan halda insanlar özləri o adamı qəbul edir. Liderin fərqli cəhətləri: nominal rəhbər daim mən deyir, lider – biz deyir; nominal rəhbər insaları istifadə edir lider inkişaf etdirir; nominal rəhbər özünə qarşı qorxu yaradır lider hörmət; nominal rəhbər özünü təltif edir lider ətrafdakıları; nominal rəhbər hər şeyi özü edir, lider həvalə edir; nominal rəhbər deyir –get lider deyir gedək; nominal rəhbər qısa müddətli düşünür lider uzun müddətli və.s. Nominal rəhbər lider ola bilməyən kollektivlərdə, çox zaman qeyri-formal, yəni qrup içərisində sayılıb seçilən, insanların könüllü şəkildə qəbul etdiyi alternativ lider meydana çıxa bilər. İdarəetmə üçün rəhbərdən tələb olunan əsas şərtlərdən biri motivasiya yaratmağı bacarmaqdır. Maraqlısı odur ki, güc vasitəsilə idarə edən rəhbərlər də motivasiyadan istifadə edir, lakin bu neqativ istiqamətdə olur. “İşləməsən, işdən çıxaralacaqsan”, “Maaşını kəsəcəyəm”sözləri ilə də işçiləri idarə etmək olur. Rəhbər işçilərini başa düşməyə çalışmalı, onların problemləri ilə maraqlanmalı, kökə və qamçı prinsipindən istifadə etməli və beləliklə onlar üçün arzu edilən liderə çevrilməlidir.

-Ümumiyyətlə, insanlar dinlənməyə meylli olurlar və onları dinləyən insanlara tabe olurlar. Lakin aydın məsələdir ki, iş həyatında belə bir şey mümkün deyil, rəhbər necə bütün işçilərlə daimi kontaktda ola bilər?

-Nisbətən kiçik kolektivlərdə rəhbər işçilərlə əlaqə yaratmalı, daha böyük kollektivlərdə sektorlara bölmək yolu ilə effektiv idarə etmək mümkündür, Sektoral olaraq fəaliyyət göstərən rəhbərlər hər bir işçisinə eyni diqqət və qayğını göstərə bilir. Əvvəl güzgülənmə olur, yamsılama- empatiya qurulur, daha sonra raport verilir. Raportdan sonra əks idarə yaranır və artıq insanlar bir-birini anlayaraq bir yerdə işləməyə nail olurlar. Lakin bu elə də sadə bir proses deyil.

-NLP-dən istifadə edərək nələri əldə edə bilərik?

Mənə tez-tez təklif edirlər ki, NLP ilə bağlı təlimlər hazırlayım, manipulyasiya üsullarını öz tələbələrimə də öyrədim. “İnsanlara təsir et” adlı bir təlim təşkil etsək, yəqin ki maraqlananlar həddindən artıq çox olacaq. Lakin, mən özüm bilərəkdən belə təlimlər keçmirəm. Hətta öz çıxışlarım zamanı da çalışıram ki, manipulyasiyadan istifadə etməyim. Bilərək NLP tətbiq etməyi etik hesab etmirəm. Lakin, hər birimiz fərqində olmadan bu üsullardan istifadə edirik. Sizin üçün gözə görünməyən manipulasiyaya aid sadə misal çəkim ki, bir yerə gedəndə “çay istidirmi?” sualı versək, sual verdiyimiz insan bizə böyük ehtimalla çay gətirəcək.

-Auditoriya qarşısında çıxış edərkən də həm onları öz təsirimiz altına salmalı, həm də öz daxilimizdə həyəcanı idarə etməliyik, buna necə nail olmaq olar?

-Auditoriya qarşısında çıxış edən insanlar belə çətinliklərlə üzləşirlər, bütün auditoriyanı əla almaq, onlara təsir göstərmək çox çətin işdir. Bu zaman onlarda həm də müəyyən narahatlıq olur. Mən insanlarla münasibətdə çalışıram ki, onlarla daha çox səmimi olum və hansısa vasitələrdən istifadə etməyim. Bunu asanlaşdırmaq üçün üç əsas üsul var. Birincisi natiq insanların ondan aşağı səviyyədə olduğunu düşünür və özünü sakitləşdirir. İkincisi, natiq özünü olduğundan daha güclü və hazırlıqlı təsəvvür edir. Üçüncü, həm çətin, həm də ən doğru yol onlara dost kimi yanaşmaqdır.

-Xahiş edirəm səmimiyyətlə deyin,siz özünüz hansı üsuldan istifadə edirsiniz?

-Karnegisayağı düşünürəm ki, insanlarla dost ol, onlara qarşı dürüst ol və onlar da sənin istədiyin kimi olsunlar. Hesab edirəm ki, ən yaxşı strategiya, həmişə doğru olmaqdır. Ən yaxşı manipulyasiya da insanlara yaxşılıq etməkdir. Təbiətdə Bumeranq qanunun işlədiyinə inanıram, yəni həm pis, həm yaxşı əməllərimiz mütləq bizim özümüzə qayıdır.

“İnsanları manipulyasiya etməyi etik hesab etmirəm”

“İnsanları manipulyasiya etməyi etik hesab etmirəm”

“İnsanları manipulyasiya etməyi etik hesab etmirəm”

Aytək Yusifsoy
İnterpress.az