Amerikalı yazıçı Tim Baucher “ChatGPT” daxil olmaqla, süni intellekt alətlərindən istifadə edərək bir ildən az müddətdə 100-ə yaxın kitab yazıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tim Baucher son doqquz ayda 97 mini-roman nəşr etmək üçün ağıllı texnologiyadan istifadə edib.
O bildirib ki, məqsədi distopik ucuz elmi-fantastika ilə cəlbedici süni intellekt dünyasının qurulmasını birləşdirən unikal, cazibədar e-kitablar seriyası yaratmaq olub.
Onun kitablarının hər birində süni intellektin yaratdığı 5000-ə qədər söz və 40-140 şəkil var.
Avqust-may ayları arasında 500-dən çox nüsxə satdığını söyləyən Boucher ümumi qazancının 2000 dollardan çox olduğunu açıqlayıb.
Digər yazarlardan fərqli olaraq mini-romanlarını orta hesabla 8 saata yazdığını ifadə edən Baucher deyib: “Süni intellektin yaradıcı işlərin yerini alacağına dair məşhur inancın əksinə olaraq, süni intellekti qabiliyyətlərimizi artıracaq güclü bir vasitə olaraq görürəm. Bütün rəssamlar istər-istəməz süni intellektdən müəyyən dərəcədə istifadə edəcəklər. Bu, sadəcə olaraq, işinizə xidmət etmək üçün düzgün kombinasiyanı tapmaqdan ibarətdir”.