“Azərbaycan Ordusu qələbənin nə olduğunu yaxşı bilir və istər xalqımız, istərsə də, Azərbaycan dövləti başımızı uca etmiş bu rəşadətli Ordunun, təhlükəsizliyimiz naminə etdiyi fədakarlıqları əsla unutmayacaq”.
Bunu İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Natiq Çıraqzadə deyib.
O xatırladıb ki, 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanışda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.
“Azərbaycan dövlətinin suveren ərazilərində separatçı fəaliyyətlə sülh prosesini baltalayan bir ovuc erməni terrorçusu və beynəlxalq hüquqa zidd olan bu qondarma rejimi dəstəkləyən hərkəs, Azərbaycan Silahlı Qüvvələrinin nələrə qadir olduğuna bir daha şahid olacaq. Sülh quruculuğunun bölgəmiz,həmçinin dünya üçün nə qədər vacib olduğunu dərk edən bir dövlət kimi Azərbaycan, istənilən formatda Ermənistanla danışıqlarda yekun nəticə əldə etmək üçün bütün əməli addımları atır. Ancaq sülhün yolu, torpaqlarımızda gizlənən və təxribatlarıyla əslində regionumuzda daimi münaqişə arzusunda olan dairələrin maşası rolunu oynayan qondarma rejimin istənilən yolla Azərbaycan ərazilərini tərk etməkdən keçir. Bu missiya, Moskva,Brüssel,Vaşinqton formatında sülhü bərqərar etmək niyyətində olan dövlətlərin, daha dəqiq desək – Qarabağda sülhməramlı adı altında silahlı erməni terrorçularına maddi-texniki təminatla məşğul olan Rusiyanın, 30 ildir insan hüquqlarının immitasiyasını edən lakin 1 milyondan artıq öz yurdundan didərgin düşmüş azərbaycanlıların hüquqlarını bir dəfə belə dilə gətirməyən Avropa İttifaqı və ABŞ-ın üzərinə düşür.
Lakin, 3 ilə yaxındır sülhün təmin olunması ilə bağlı real bütün əməli addımları məhz Azərbaycan dövləti, Azərbaycanın vətəndaş cəmiyyəti və Azərbaycan KİV-i atdı. Azərbaycan vətəndaş cəmiyyətinin böyük uğurunun nəticəsi idi ki, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qura bildik və indi Qarabağdan Ermənistana,həmçinin əks istiqamətdə hərəkət edən hər bir Ermənistan vətəndaşı Azərbaycan sərhədçilərinin müvafiq yoxlamalarından keçmək məcburiyyətindədir. Biz,bu prosesdə əzəldən ciddi və gerçək nəticələri olan fəaliyyət sərgiləyə bildik. İndi növbə dünya birliyinin və Ermənistan rəhbərliyinindir. Elə ilk addım olaraq, qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması ilə bağlı səmimi və ciddi mövqe ortaya qoya bilərlər.
Əgər bu məsələnin həllində də,indiyədək olduğu kimi ikiüzlü münasibətlə vaxt qazanmağa çalışırlarsa, onu da bilməlidirlər ki Azərbaycan Ordusu cəmi 3 il əvvəl olduğu kimi, indi də Müzəffər Ali Baş Komandanın növbəti əmri ilə öz torpaqlarında bir qrup başıpozuq və dağınıq halda təxribatlarla ölkəmizdə milli təhlükəsizliyə təhdid olan erməni terrorçusunu yüksək peşəkarlıqla, soyuqqanlılıqla aradan qaldıracaq. Bizi, öz taleyimizə sahib çıxmaq uğrunda mübarizə aparmaqdan heç bir dairə,xüsusilə bu illər ərzində mövqeləri ilə bütün humanitar və hüquqi normaları tapdalamış “beynəlxalq” qurumlar geri çəkindirə bilməzlər. Azərbaycan Ordusu qələbənin nə olduğunu yaxşı bilir və istər xalqımız, istərsə də, Azərbaycan dövləti başımızı uca etmiş bu rəşadətli Ordunun, təhlükəsizliyimiz naminə etdiyi fədakarlıqları əsla unutmayacaq”.