Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu fevralın 16-dan 23-dək internet vasitəsilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən, PİN kodundan və “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrədən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Ətraflı məlumat eservices.tqdk.gov.az/erizerez/erize səhifəsindəki aktual keçidlərdə verilib.
Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib, “Namizədin elektron ərizəsi” formasını təsdiqlətdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən “Elektron imza” sertifikatını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə “Namizədin elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər. Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları, ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan vətəndaşları və rezudenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Namizədlər ərizələrini təsdiqlətmək üçün fevralın 16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır. İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir.
İnterpress.az