Cari ilin avqustun 20-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirildi.
İnterpress.az xəbər verir ki,Binə Mədəniyyət Mərkəzində təşkil edilən qəsəbədə yaşayan yaşlı nəsilin nümayəndələri ilə görüşdə namizədin vəkilləri Pərnaz Mayılova, Faiq Əliyev, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Ahıllar şurasının sədri Sevil Əzizova, Bakı Şəhər Herontoloji Mərkəzinin poliklinikasının şöbə müdiri Nailə Əhmədova və digər sakinlər iştirak etdi.
İlk olaraq namizədin vəkilləri seçiciləri Gülşən Paşayevanın əmək fəaliyyəti ilə tanış edərək, onun pedaqoji, elmi və beynəlxalq sahədə əldə etdiyi nailiyyətlərdən danışdı. Daha sonra Azərbaycanda yaşlı nəslin problemləri, onların asudə vaxtının səmərəli keçirilməsi istiqamətində çalışan Sevil Əzizova və Nailə Əhmədova iştirakçılara yaşlıların rifah halının təşviq edilməsi istiqamətində apardıqları fəaliyyət haqqında məlumat verdi, namizədin seçiləcəyi təqdirdə görə biləcəyi işlərdən danışdı.
Çıxış edən namizəd iştirakçıları seçki platforması ilə tanış edərək, həssas qruplarla daha yaxından işləməyin vacib olduğunu diqqətə çatdırdı. Belə qruplar arasında o, yaşlı nəslin nümayəndələrini da xususi olaraq qeyd edərək, onların qarşılaşdıqları çətinlik və ehtiyacları yaxından öyrənməyin və onların rifah halının yaxşılaşdırılması üçün əməli işlərin görülməsinin əhəmiyyətini vurğuladı. Namizəd bir neçə il əvvəl Azərbaycanda “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” mövzusunda müvəffəqiyyətlə reallaşmış layihəni misal gətirərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyi, ASAN xidmət, Dövlət Statistika Komitəsi və BMT-nin Əhali Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirildiyini diqqətə çatdırdı.
Onun çıxışından sonra görüş ümumi müzakirələrlə davam etdi və seçiciləri narahat edən məsələlər haqqında fikir mübadiləsi aparıldı.
Təşviqat kampaniyası çərçivəsində namizəd Gülşən Paşayevanın seçki dairəsi ərazisində müxtəlif ictimai qruplarla, maraqlı mövzularda görüşlərin keçirilməsi planlaşdırılır.