Təhsilə və Uşaqlara Yardım İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc ailələrə mənəvi dəstək” adlı layihənin icrasını davam etdirir.
Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində Masallı rayonunda (Ərkivan qəsəbəsi, Seybətin, Şərəfə, Həsənli, Səmidxan kəndlərində) həyata keçirilir.
Layihənin məqsədi gənclərə milli -mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi , milli ailə dəyərlərinini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir. Layihədən gözlənilən dəyişiklik isə müasir ailə modelində milli ailəyə xas olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün bu günkü gəncliyin rol və vəzifələrini bir daha dərk etmələridir.
Layihə çərçivəsində növbəti tədbir avqustun 19-da Masallı rayonu Səmidxan kəndində keçirilib 21 nəfərin iştirak etdiyi tədbiri Təhsilə və Uşaqlara Yardım İB-nin sədri Ələsgər Hüseynov açıb və layihə ilə bağlı məlumat verib.
Tədbirin təlimçisi Nabat Qəniyeva iştirakçılara 2 vərəq paylayıb. Paylanan vərəqlərin birində “Milli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsunuz?”, digər vərəqdə isə “Ailə təməli hansı amillərə söykənərək qurulmalıdır?”suallarına cavab yazmaları xahiş olunub.
Sonra verilən cavablar oxunub, ümumiləşdirilib və təhlil edilib.
Tədbirdə müzakirələr aşağıdakı mövzular istiqamətində aparılıb;
-Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz
-Milli ailə və müasir ailələr haqda düşüncələr
-Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s) və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.
-Boşanmalar və fəsadlar- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.
-Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?
-Qarışıq ailələr və milli ailə dəyərləri.
-Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli- mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında , boşanmada və tanışlıq-dostluq və s prosesində rolu).
Müzakirələr zamanı iştirakçıların bir qismi, xüsusən də, Həsənli kənd məktəbinin müəllimləri və məktəbin direktoru Yaqub Ələmov ailələrin dağılmasında səbəb kimi qanunlarımızın qadınlara daha çox imkan yaratmasını əsas gətiriblər. Onlar bəzi qadınların aliment alaraq həyat yoldaşlarından ayrıldığını bildiriblər.
Gənclər isə ailə qurarkən qarşılıqlı güzəşt, sevgi olmasının vacibliyini önə çəkiblər.
Daha sonra çay süfrəsi ətrafında müzakirələr davam etdirilib.