Məişət zorakılığına qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib – FOTOLAR
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı mübarizə məqsədilə ictimai müzakirələrin keçirilməsi” adlı layihənin icrasını davam etdirir.
4 ay müddətində Bakı şəhəri, Masallı, Yardımlı, Biləsuvar, Lənkəran və Şamaxı rayonlarında həyata keçirilməsi nəzərdə tutulmuş layihənin məqsədi regionlarda məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslərin irəli sürülməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı probleminin ictimailləşdirilməsidir. Eyni zamanda, müxtəlif strukturların problemin həlli istiqamətində birgə fəaliyyətlərinin tənzimlənməsi vasitəsilə bu problemin aradan qaldırılmasına kömək etmək də layihənin məqsədidir.
Layihə çərçivəsində növbəti tədbir sentyabrın 28-də Bakı şəhərində keçirilib. 20 nəfərin iştirak etdiyi tədbirdə İHQMİB-nin sədri Səidə xanım Qocamanlı və D. Əliyeva adına AQHMCİB-nin sədri Novella xanım Cəfərova iştirak edirdilər.
Tədbiri təlimçilər Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıb. İlk olaraq iştirakçılara 2 vərəq paylanaraq 2 suala qısa cavab vermələri xahiş olunub:
1. Sizcə məişət zorakılığı nədir və onu kimlər törədir?
2. Məişət zorakılığı törədən şəxslər cəzalandırılırmı və necə? Məişət zorakılığı qurbanları nə edirlər və nə etməlidirlər- hara, kimə və necə müraciət etməlidirlər?
İHQMİB nin sədri Səidə xanım Qocamanlı və D.Əliyeva adına AQHMCİB-nin sədri Novella xanım Cəfərova iştirakçılarla mövzu ətrafında müzakirələr aparıblar və onlara öz məsləhətlərini veriblər.
Tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təqdimatı edilib.
Müzəkırələr bu mövzular ətrafında olub;
- Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları,
- bu problemin həlli üçün qanunda nəzərdə tutulmuş müddəalar,
- qanunun tətbiq edilməsi üçün mexanizmlərin olmaması,
- zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi,
- bələdiyyələrin nəzdində Qadın Otağının təşkili təşəbbüsü.
Eyni zamanda, iştirakçıların fikir və təklifləri müzakirə edilib, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər dinlənilib.
Sonda kiçik qruplarda iş həyata keçirilib. İştirakçılar verilmiş suallarla bağlı birlikdə işləyiblər və hər qrupdan 1 nəfər təqdimat edib.