Qazaxıstanda baş verən proseslərin PƏRDƏARXASI: “Rusiya heç yerdə inqilablar təşkil etmir”backend

Qazaxıstanda baş verən proseslərin PƏRDƏARXASI: “Rusiya heç yerdə inqilablar təşkil etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Qazaxıstanı və Belarusu Rusiyadan qoparmaq yönündə siyasəti olmayıb”.

İnterpress.az xəbər verir ki, bunu  Qazaxıstanda baş verən proseslərdə Rusiya faktorunun mümkün rolunu dəyərləndirən politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, Qazaxıstandakı məlum hadisələrin yaşanmasında Rusiyanın təsiri ilə bağlı ittihamlar doğru deyil:

“Qazaxıstan Rusiyanın postsovet məkanındakı inteqrasiya layihələrinin, başqa sözlə desək, “Yeni SSRİ” quruculuğunun nəinki iştirakçısı, həm də Rusiya ilə bərabər lideridir. Avrasiya İttifaqının ideya müəllifi Nazarbayevdir.

Əlbəttə ki, Nazarbayevin heç də bütün addımları və siyasəti Moskvanın xoşuna gəlmirdi. Çünki avtokratlar sərbəstliyi, şəriksiz idarəçiliyi və şəriksiz talançılığı sevirlər. Amma onun Rusiyanın kritik maraqlarına qarşı siyasət apardığını söyləmək üçün əlimizdə heç bir əsas yoxdur. Məsələn, o, dövlət aparatını Rusiyanın adamlarından təmizləmədi, varis seçəndə hansısa milli kadra yox, Tokayev kimi Rusiyaya  yaxın adama üstünlük verdi, ya da buna məcbur oldu”.

Şahin Cəfərli vurğulayıb ki, Rusiya rejimlərin xalq hərəkatları nəticəsində devrilməsindən nifrət edir, xüsusən postsovet məkanında bu cür prosesləri öz maraqlarına ciddi təhdid sayır:

“Qazaxıstandakı hadisələrin böyüməsini də maraqlarına təhdid saydı, indi bunu önləmək və yerli rejimi qorumaq üçün ora hərbi kontingent göndərir.

Rusiya bu olayları təşkil etməsə də, Belarusdan sonra Qazaxıstan nümunəsi də göstərdi ki, yaranmış situasiyanı öz lehinə çevirə bilir. Bu da qeyri-adi, fantastik bir bacarıq deyil, adamlar neçə əsrdir hökm etdikləri coğrafiyanı, oradakı hər daşı-qayanı, ağacı-kolu mükəmməl tanıyırlar və bilirlər.

Qərbin Qazaxıstanı və Belarusu Rusiyadan qoparmaq yönündə siyasəti olmayıb, bu baxımdan hadisələrin yekununda onlar nə uduzur, nə də udur. Qərbin məğlubiyyəti və ya qalibiyyəti Ukraynada və Gürcüstanda olacaq”.

Gülşən