Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev oktyabrın 7-də Gürcüstanın Marneuli şəhərində keçiriləcək “SOYDAŞ” Gənclər Forumunun təşkilatçıları ilə görüşüb.
İnterpress.az xəbər verir ki, görüşdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimayi Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirak ediblər.
Səfir Faiq Quliyev forumun proqramı ilə maraqlanıb, ona gündəlik barədə məlumat verilib. Səfir Gürcüstan-Azərbaycan əlaqələrinin millətlər səviyyəsinə qaldırılması üçün sözügedən layihənin icrasının önəmindən bəhs edib.
Öz növbəsində, Toğrul Allahverdili təşkilata verdiyi dəstəyə görə səfirə təşəkkür edib, ölkəmizin diplomatik nümayəndəliyinin qayğısını hər zaman hiss etdiklərini deyib.
Görüşün sonunda Toğrul Allahverdili səfir Faiq Quliyevə “Təşəkkürnamə” təqdim edib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, forum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimayi Birliyi tərəfindən keçirilir. Layihənin tərəfdaşları Azərbaycanın Gürcüstan səfirliyi, Azərbaycan Diasporuna Dəstək Fondu və Diaspor İnformasiya Mərkəzidir.