Bir müddət Çində ictimaiyyətə görünmədiyi üçün vəziyyəti maraq doğuran müdafiə naziri Li Şanqfu vəzifəsindən azad edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, Li ilə bağlı qərar Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsinin Pekində keçirilən sessiyasında qəbul edilib.
Komitə üzvləri Li-nin nazir vəzifəsindən uzaqlaşdırılmasına səs verib.
Li-ni kimin əvəzləyəcəyi hələlik açıqlanmayıb.
İclasda Maliyyə Nazirliyinə, Elm və Texnologiya Nazirliyinə yeni adların təyin olunduğu bildirilib.
Keçmiş nazir Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən Çin-Afrika Sülh və Təhlükəsizlik Forumunda ictimaiyyət qarşısına çıxıb.
Çin nazirinin sentyabrın 7-8-də iştirak etməli olduğu Çin-Vyetnam İllik Müdafiə Əməkdaşlığı Toplantısı “sağlamlıq problemləri” səbəbilə ləğv edilib. Li, Çin ordusunun rəhbər orqanı olan 7 nəfərlik Mərkəzi Hərbi Komissiyanın (MAK) sentyabrın 15-də keçirilən iclasına qatılmayan yeganə üzv olub. Sabiq nazir oktyabrın 1-də Milli Bayram qəbuluna da qatılmayıb.