Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri cari məsələləri, xüsusilə İsrail-Fələstin münaqişəsini müzakirə etmək üçün toplaşıblar.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belçikanın paytaxtı Brüsseldə toplanan Avropa liderləri iki gün davam edəcək toplantıda Yaxın Şərqdəki vəziyyət, Ukrayna, Kosovo, Qarabağ, Sahel miqrasiya və iqtisadiyyat kimi mövzuları müzakirə ediblər.
Liderlərin İsrail-Fələstin münaqişəsində Aİ-nin İsrailə dəstəyini təsdiqləmələri, HƏMAS-ın hücumlarını bir daha pisləmələri və İsrailin bombardmanları altında olan Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə etmələri gözlənilir.
İclasa sədrlik edən Avropa Şurasının sədri Çarlz Mişel sammitə gedərkən jurnalistlərə açıqlamasında deyib: “Avropa İttifaqı olaraq prinsiplərimizi və dəyərlərimizi müdafiə etməkdə həmrəy olduğumuzu göstərməliyik”.
İsrailin beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək hüququna malik olduğunu təkrarlayan Mişel mülki şəxslərin qorunmasının və humanitar yardımların çatdırılmasının vacibliyinə diqqət çəkib.
Aİ Komissiyasının sədri Ursula von der Leyen Fələstində olduğu kimi dünyada qeyri-sabitlik səbəbindən artan sayda immiqrantın Avropa ölkələrinə üz tutduğunu bildirib.
Von der Leyen AB Komissiyası olaraq Qəzzaya göndəriləcək humanitar yardım və miqrasiya idarəçiliyi mövzusunda üzv dövlətlərlə çalışdıqlarını və bunlar üçün maliyyə dəstəyi lazım olduğunu, bu səbəbdən uzunmüddətli büdcənin nəzərdən keçirilməsini istədiklərini bildirib.