Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin təşkilatçılığı ilə 24-25 iyun tarixində ilk dəfə olaraq 200-dən çox QHT-nin, jurnalistlərin, blogerlərin, baş tacımız olan Şəhid Analarının, Şəhid Bacılarının, Şəhid Xanımlarının, ən başlıcası Şəhid Övladlarının iştirakı ilə Zəngilan rayonuna, Şərqi Zəngəzura səfəri baş tutdu.
Zəngilan rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik” Forumu çərçivəsində 3 panel müzakirəsi keçirildi. Bütün panel müzakirələrdə iştirak edən spikerlər “iqlim dəyişikliyi” haqqında məlumatları, aparılan tədqiqatları forum iştirakçılarının diqqətinə çatdırdılar. İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə baş tutan forum ölkəmizin bu il ev sahibliyi edəcəyi beynəlxalq tədbirin əhəmiyyətini özündə ehtiva edirdi.
Forumun 1-ci günü rəsmi çıxışlardan və 1 panel müzakirəsindən sonra daha bir önəmli və qürurlu səfər 26 iyun “Silahlı Qüvvələr Günü” münasibətilə Qubadlı rayonunda yerləşən N saylı hərbi hissəyə əsgərlərimizlə görüş oldu.
Görüşdə rəsmi çıxışlardan sonra Şəhid Anasının əsgərlərə söylədiyi tövsiyələr Şəhid Analarının böyüklüyünün bariz nümunəsi idi. Qarabağı işğaldan azad edən igidləri yalnız qəhrəman Analar yetişdirə bilərdi. Bayram günündə əsgərlərimizi ziyarət etmək xoş oldu. Əsgərlərlə rəqs edən Şəhid Anaları, Şəhid övladları,QHT sədrləri birgə yallı gedib bayramı qeyd etdilər.
QHT Agentliyi tərəfindən əsgərlər üçün hazırlanmış bayram hədiyyələri təqdim edildi və biz forumun davamı üçün Zəngilana qayıtdıq.
33 il sonra işğal edilmiş bu torpaqların həsrəti Ali Baş Komandan Cənab İlham Əliyevin və müzəffər ordumuzun sayəsində bitdi. Azərbaycan tarixi ədaləti bərpa edir, tarixin şanlı səhifələrini yazmağa Ali Baş Komandan Qərbi Azərbaycan ərazilərinə “Böyük Qayıdış”ı uğurlu siyasət nəticəsində qayıtmaqla təmin edəcək. Dağılmış ərazilərimizin bərpası ilə birgə başımızı dik tutduq, məhv olmuş qürurumuz, mənliyimiz də bərpa oldu.
Forumun 2-ci günü 2 panel müzakirə olaraq davam etdi. Forumun sonunda QHT-lərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə müraciəti səsləndi.
Biz, “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti”ni qəbul etməklə apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
Forumun mükəmməl və möhtəşəm proqramda işğaldan azad olmuş ərazidə, Zəngilanda keçirilməsi Vətəndaş Cəmiyyətinin fəaliyyət tarixçəsinə qızıl hərflərlə həkk edildi.
Forumun sonunda Zəngilanda İmam Hüseyn məscidini ziyarət etdik, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhuna fatihə oxundu, ölkəmizin sakitliyi, sabitliyi üçün dualar edildi. Zəngilan səfəri iki gün sözlə ifadə edilməsi mümkün olmayan təssüratla başa çatdı.
Vətəndaş Cəmiyyəti bu tarixi günləri yaşayaraq gələcək nəsillərə ötürməli, beynəlxalq tribunalardan erməni vəhşiliyini çatdırmalı, Azərbaycanın haqq işində ədalətli yanaşmanı təmin etməyə xidmət etməlidir və borcudur.
İki günlük forumun bütün əziyyətini çəkən, gərgin iş rejimində çalışan təşkilatçılara, yorulmadan, təmkinlə, səbrlə, azad olmuş ərazilərdə quruculuq işlərinin davam etdiyi bir vaxtda, mövcud şəraitdə ən yüksək rahatlıq yaradan, hər bir şəxsə diqqətlə, qayğı ilə yanaşan yuxusuz qalan, dincəlmədən ayaqda olan, gülərüz komandaya dərin minnətdarlığımızı bildiririk.
Var olun. Bizlərə bu xoş günləri yaşatdığınız və dəvətiniz üçün təşəkkür edirik.
İki gün ərzində bilgi qazandıq, yeni məlumatlar əldə etdik və ən yeni tarixin bir hissəsinə çevrildik, tarixi günlər yaşadıq.
Yaşasın Azərbaycan.
Yaşasın Azərbaycan Həmrəyliyi.
Zülfiyyə Nuriyeva
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İB-nin sədri.