İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
İnterpress.az DİN-ə istinadən xəbər verir ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 17-24 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.