Qafqazda “Qərb oyunları”na qarşı Azərbaycan MODELİ – Tənzilə Rüstəmxanlı yazırbackend

Qafqazda “Qərb oyunları”na qarşı Azərbaycan MODELİ – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda baş verənlər, xüsusilə də Qafqazın üç respublikasında baş verən Qərb oyunları Azərbaycanın balanslaşdırılmış siyasətinin doğru olduğunu göstərir. Gürcüstan və Ermənistan örnəklərinə baxdığımız zaman necə təhlükəli vəziyyət yarandığını görə bilirik. Belə olan təqdirdə, balanslaşdırılmış siyasət və eyni zamanda, iqtisadi müstəqilliyin hər şeydən ön plana çıxarılması vacibdir.

Təəssüf ki, strateji müttəfiqimiz Gürcüstanda Qərbin əsas təsir imkanlarından biri qeyri-hökumət təşkilatları və siyasi partiyalardır. Bu qurumları ayaqda saxlayan isə Qərbdən gələn maliyyə axınıdır. Orada bir qisim insan rifahlarını, həyatlarını o təşkilatlardan gələn qrantlar hesabına təmin edirlər.

Bunun nəticəsində Gürcüstan vətəndaş müharibəsinədək gətirilmişdi. Ancaq Gürcüstan həm də Qərb tərəfindən ortada yalnız buraxılan Ukrayna hadisələrindən lazımi dərs götürdü. Rusiyaya qarşı qoyulan iki ölkə – Gürcüstan və Ukrayna rəsmən Avropa maraqlarının poliqonuna çevrilmişdi. Gürcüstan bu yoldan dönməkdə, balanslı siyasətə yaxınlaşmaqdadır. İndi Ukrayna da acı reallıqlarla barışır.

Bu prosesdə isə mükəmməl örnək Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətdir. Bu siyasətin başlıca prinsipi olaraq Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsində heç vaxt NATO və ya Avropa İttifaqına arxalanmadı. Ən azı, ona görə ki, bu təşkilatların əsas üzvləri, məsələn, Fransa, siyasi nöqteyi-nəzərdən Ermənistanı dəstəkləyir. Qərb isə Azərbaycan üçün yalnız iqtisadi nöqteyi-nəzərdən vacib tərəfdaşdır. Odur ki, Bakı təhlükəsizliyə dair çağırışları Ankara və Moskva ilə ikitərəfli çərçivədə nəzərdən keçirir. Üstəlik, İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbə qazanması, işğal altındakı ərazilərini azad etməsi bu mənada daha geniş imkanlar yaradıb.

Bir sözlə, Azərbaycan öz müstəqilliyini və milli suverenliyini qorumaqla, bütün böyük dövlətlərlə münasibətləri bundan sonra da inkişaf etdirəcək. Ermənistandakı bəlli zümrənin hələ də “Stepanakert” adlandırdığı Xankəndidə bu gün Azərbaycan tələbələri təhsil alır, bir zamanlar yallı getdikləri Şuşada həmvətənlərimiz yaşayır, dünya səviyyəli tədbirlər keçirilir. İşğaldan azad etdiyimiz kəndlər və şəhərlər dünyada tayı-bərabəri görünməyən sürətlə yenidən qurulur, tikilir, hətta insanlar mərhələli şəkildə öz yurdlarına qayıdır.

Bu gün biz təkcə Ermənistanın yox, dünya erməniliyinin bel sütununu sındırmışıq və qalib sərkərdəmizin ətrafında yumruq kimi birləşən xalq olaraq dünyanın bütün yerlərində alnı açıq, başı uca gəzirik. Qlobal oyunçular içərisində ölkə başçımızın öz yeri və sözünün kəsəri var. Özünü azərbaycanlı sayan insan bunlardan qürur duymalıdır. İndi güclü olmaq bizim növbəmizdir və bunu davamlı, dayanıqlı etmək 50 milyonluq azərbaycanlının borcudur.

Yazımın sonunda bir məsələyə də toxunmasam, olmaz. Bu günlərdə Mirşahin Ağayevin Gürcüstan prezidenti ilə müsahibəsini izlədim. Jurnalistika yalnız xəbər çatdırmaq deyil, həm də təmsil etdiyi dövləti, xalqı sima olaraq təmsil etməkdir. Bu mənada. Mirşahin həm bu müsahibədə, həm də bir çox beynəlxalq tədbirlərdə, nüfuzlu dövlət xadimləri və siyasətçilərlə söhbətində öz siyasi intellekti ilə Azərbaycan adına bizi qürurlandırıb. Ancaq müsahibə boyunca bütün çılpaqlığı ilə üzə çıxan həqiqət çox-çox önəmliydi və bu yazının da ərsəyə gəlməsində mühüm rol oynadı.

Tənzilə Rüstəmxanlı

Azərbaycan Milli Məclisinin deputatı