Lənkəranda şəhərində 3 gün əvvəl baş verən quldurluq hadisəsinin üstü açılıb. Məlumata görə, rayon polisinin keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Əli Məmmədov tanışları – Bakı şəhər sakinləri Elnur Əsgərov və Elnur Nuriyevlə qabaqcadan əlbir olaraq maskalanaraq, bıçaq və tapançadan da istifadə etməklə şirniyyat istehsalı və satışı ilə məşğul olan şirkətin ofisinə qanunsuz daxil olub, təftişçi Azər Babayevi və operator Rəfail Əliyevi silahla hədələyib fiziki zor tətbiq etməklə içində 14 min manatdan artıq pul olan seyfi açmağı tələb ediblər.
Oğrular seyfin açarının işçilərdə olmadığına əmin olduqda onların əl-ayaqlarını bağlayıblar.
Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Toğrul Hüseynov bildirib ki, həmin şəxslər seyfi ofisin ikinci mərtəbəsindən 1-ci mərtəbəsinə düşürüblər. Lakin həm seyf ağır olduğundan, həm də əraziyə gələn firma işçisinin polisə məlumat verməsindən ehtiyat edib onu aparmağa nail olmayıblar və ərazidən “Nissan” markalı avtomaşınla uzaqlaşıblar:
“Elnur Musa oğlu Nuriyev əvvəllər həmin firmada işləyib və həmin ünvandakı ofisdə seyfin içərisində külli miqdarda pulun olmasını bilib. Bunu bildiyi üçün də cinayəti qrupun digər üzvləri ilə planlaşdırıb”.
Əməliyyat qrupunun səyi nəticəsində qrupun iki üzvü – Əli Məmmədov və Elnur Əsgərov Masallı rayon ərazisində yaxalanıb. Qaçmağa macal tapan Elnur Nuriyev barəsində isə axtarış elan olunub.
İndi dostları törətdikləri quldurluq əməlinə görə 10 ildən 15 ilədək həbs cəzası gözləyir. (ans)
İnterpress.az