Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilərbackend

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmə yaşayış binalarının dəhlizlərində müşahidə kameralarının quraşdırılması məsələsinə aydınlıq gətirib.

Məhkəmədən verilən məlumata görə, Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb.

Məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub.

Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.

Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.

Qərarda daha bir mühüm məqama da aydınlıq gətirilib. Məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.

Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.