Hər bir xalqın milli-mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılmasında əvəzsiz mədəniyyət ünsürü olan əlifbanın rolu və əhəmiyyəti misilsizdir. Ölkəmizdə əsası hələ XIX yüzillikdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulan əlifba islahatı Azərbaycan Xalq Cümhuriyyəti dövründə də aktual bir məsələ olmuşdur. Azərbaycan yazısında müxtəlif dövrlərdə ərəb, latın və kiril qrafikası əsasında hazırlanmış əlifbalardan istifadə edilmişdir. Azərbaycan 1990-cı ildə müstəqillik əldə etdikdən sonra Kiril qrafikasından latın qrafikasına keçid əsas məsələlərdən biri kimi geniş müzakirə olunmuşdur. Afad Qurbanov kiril əlifbasının müasir tələblərə cavab vermədiyini əsaslandıraraq yazırdı: “Kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə cavab vermir. İndi işlətdiyimiz kiril qrafikalı əlifbada bir sıra düzəldilməsi mümkün olmayan qüsurlar vardır. Eyni zamanda kiril qrafikalı əlifba xalqımızın milli mədəniyyətinin birləşməsinə ancaq mənfi təsir göstərir. Müxtəlif yerlərdə yaşayan azərbaycanlılar bir-birinin nailiyyətləri haqqında birbaşa məlumat ala bilmirlər, milli mədəniyyət arasında möhkəm əlaqə yaranmır. Buna görə də xalqımızın birliyi, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün mütərəqqi və yararlı əlifba lazımdır. Bu da indi və gələcəkdə özünü doğrulda bilən latın qrafikası əsasında yeni əlifba olmalıdır”
Afad Qurbanov yeni əlifbanın latın qrafikası əsasında tərtib edilməsinin vacib tərəflərini dil faktlarına əsaslanaraq elmi cəhətdən əsaslandırmışdır. 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və bu sahədəki yaradıcılıq işi nəzərə alınaraq Azərbaycan SSR Elmlər Akademiyasının o zaman yeganə dilçi-alim üzvü olan Afad Qurbanov həmin komissiyanın sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan əlifbasının dəqiqləşməsi istiqamətində aparılan işlər zamanı bəziləri kiril əsaslı əlifbanı, bəziləri ərəb, bəziləri isə latın əsaslı əlifbanı müsbət qiymətləndirərək müdafiə etmişdir. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsi yaradılması, 1923-cü ildən etibarən isə latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilməsi, 1926-cı ildə toplanan Birinci Ümumittifaq türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilməsi və onun əhəmiyyəti Afad Qurbanovun rəhbərliyi ilə müzakirə olunmuşdur. Qeyd edirdi ki, qısa müddətdə Azərbaycanda bu əlifbanın qəbul edilməsi və geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratmışdı. Eləcə də ölkəmizdə ərəb işğalından sonra 1922-ci ilə qədər ərəb əlifbasının işlədilməsi, 1922-1940-cı illərdə latın, 1940-1992-ci illərdə kiril qrafikalı əlifbadan istifadə olunması təhlil edilmişdir. Lakin bu versiyaların bəzisi müasirlik prinsipindən, bəziləri isə millilik prinsipindən tamamilə uzaq idi. O dövrdə hətta qədim Orxon-Göytürk əlifbasının, qədim Uyğur əlifbasının tətbiqini önə sürənlər də olmuşdu. Öz nüfuzu ilə seçilən Afad Qurbanov latın əlifbasından istifadə etməyin zəruri tərəflərini və üstünlüyünü qeyd etmişdir. Bu dövrdə yeni əlifba ilə bağlı bir sıra versiyalar irəli sürülsə də görkəmli dilçi alim A. Qurbanov latın qrafikalı Azərbaycan əlifbasını daha məqsədəuyğun hesab etmiş və onun təklifləri müzakirə olunmuşdur. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçilməsi, onun Azərbaycan dilinin ədəbi-bədii xüsusiyyətlərinə uyğun gəlməsi Afad Qurbanovun təşəbbüsü sayəsində əlverişli sayılmış və müsbət əhəmiyyəti ictimaiyyətə çatdırılmışdır. Afad Qurbanov yeni əlifbanın yaradılmasında latın qrafikasının vacib tərəflərini elmi faktlara söykənərək əsaslandırmışdır. Xüsusilə, bir neçə əlifba sistemindən bəhrələnən Azərbaycan xalqının müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin yazısını lazımi dərəcədə təmin edən Müasir Azərbaycan əlifbasından ̶ latın əlifbasından istifadə etməyin zəruri tərəflərini və beynəlxalq əhəmiyyətini qeyd etmiş və təkliflərini müzakirəyə vermişdir. Alim tərəfindən yeni əlifbanın müxtəlif variantları hazırlanmış və bu variantlar hazırlanarkən beynəlxalq təcrübə əsas götürülmüşdür.
Bu təkliflə bağlı üç fikir səslənmişdir:
- Latın əsaslı müasir türk əlifbasını olduğu kimi götürmək; 2. XX əsrin 20-ci illərində istifadə olunmuş əlifbada heç bir dəyişiklik etmədən işlətmək; 3. Latın qrafikalı yeni müstəqil əlifba tərtib etmək.
Üçüncü mülahizəni əsas götürən Afad Qurbanov Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlamış, daha sonra Komissiyanın müzakirəsinə təqdim etmişdir. Müasir Azərbaycan əlifbasında yazı üçün 32 hərf öz əksini tapır. Qeyd olunan hərflər müasir Azərbaycan ədəbi dilinin fonemlər sisteminə uyğun olaraq qəbul edilmiş və istifadəyə verilmişdir. Alimin hazırladığı müxtəlif əlifba variantları Azərbaycan əlifbasının tarixi ilə sıx bağlıdır. Ümumxalq sərvəti olan bugünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, görkəmli dilçi Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.
İlk dövrlərdə rəsmi sənədlərdə paralel olaraq həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə olunmuş və tədricən latın qrafikalı əlifbaya keçilmişdir. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanunun qüvvəyə minməsi haqqında 34 saylı qərarla ölkəmiz rəsmi olaraq latın qrafikalı əlifbaya keçdi. Onu da qeyd edək ki, qəbul edilmiş yeni əlifba 30-cu illərin latın qrafikalı əlifbası deyildi. “Bərpa” əvəzinə əslində yeni əlifba yaradılmış və Afad Qurbanovun tərtib etdiyi latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmiş və yeni latın qrafikalı əlifbaya keçid ilk dəfə ölkəmizdə reallaşmışdır. Akademik Mahmud Kərimov yazır: “Ölkəmiz müstəqilliyini əldə etdiyi zaman istedadlı alim, bacarıqlı təşkilatçı olan A. Qurbanov bütün qüvvə və səylərini xalqın arzu və istəyi olan Azərbaycan əlifbasının latın qrafikasına keçməsinə həsr etmişdir. Onun latın qrafikalı yeni əlifbaya keçdiyimiz dövrdə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olmuş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir”. Hazırda latın əlifbası əsasında tərtib edilən müasir Azərbaycan əlifbasının Azərbaycan dilinin yazı sistemini lazımi səviyyədə təmin etməsi milli müstəqilliyimizin bəhrəsinin nəticəsidir. Qəbul edilmiş əlifbamızın tətbiqi problemlərinin həllində, beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanının mühüm rolu olmuşdur. Bu Fərmanının 9-cu maddəsində yazılırdı: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin; 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni fərman imzalandı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.
Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Heydər Əliyev tərəfindən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” bu prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir. Bu sənəd dövlət dilinin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi. Beynəlxalq aləmə daha yaxın olan yeni latın qrafikasının qəbulu milli dəyərlərimizin daha geniş dairədə tanınmasına şərait yaratdı. Azərbaycan əlifbasına keçidi sürətləndirdi və bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya – latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələnir. Fərmanda Azərbaycan dilinin tarixi və qədimliyi barədə mükəmməl təsəvvür yaradılmışdır. Xüsusən, faktlara əsaslanaraq Azərbaycan dilinin mənşəyi, tarixi yaşayış məskənləri ilə bağlı yanlış konsepsiyaya son qoyulmuşdur. Fərmanda Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi uçün həm hüquqi-siyasi, həm də elmi nəzəri istiqamətlər müəyyənləşdirilmişdir. Rəsmi yazışmalarda, kargüzarlıq və reklam işində Azərbaycan dilindən istifadə sahəsində vəzifələr göstərilmiş, mətbuatda, kino və televiziya ekranlarında özünü göstərən dil qüsurları göstərilir və belə halların aradan qaldırılması tələb olunurdu. Bu fərmanda irəli sürülmüş ideyalar içərisində iki istiqamət diqqəti cəlb edir: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi. Ölkəmizdə dövlət dili olaraq Azərbaycan dilinin inkişaf etdirilməsində, onun saflığının qorunmasında, ictimai həyatın bütün sahələrində işlək dilə çevrilməsində və beynəlxalq sistemə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri vardır. Hazırda bu əlifba Azərbaycan xalqının maddi- mədəni uğurlarının formalaşmasında, elmi əlaqələrin və mühüm fəaliyyət sahələrinin inkişafında önəmli rol oynayır.
SAYALI SADIQOVA
Nazırlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini,
filologiya elmləri doktoru, professor