2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd edilir. Artıq 16 ildir ki, bu tarix kino xadimlərinin bayramı kimi xatırlanır. Azərbaycan kinosu dünya çapında o qədər də çox uğur qazanmasa da, istedadlı kino xadimlərinin varlığı hər zaman hiss olunub. Sovet ideologiyası, müstəqillikdən sonrakı ağır durum bizdə kinonun inkişafına əngəl törətdi. Bugün isə Azərbaycan kinosu özünün dirçəliş dövrünü yaşayır.
Təqdim olunan yazıda Azərbaycan kinosunun ən şanssız simalarının bir qismi təqdim edilir. Bir daha xatırlayaq ki, adlarını çəkəcəyimiz simalar kino tariximizdə şanssızlığın, diqqətsizliyin qurbanı olmuş şəxslərin çox cüzi bir hissəsidir. Onların arasında aktyor da, aktrisa da, rejissor da var:
Kamil Məhərrəmov – Azərbaycan kinosunun tarixində epizodik rollarla yadda qalan aktyorlarımızdan biri Kamil Məhərrəmov olub. “Dərviş Parisi partladır” filmində Hatəmxan ağanın nökərinin – Qəmbərin Firəngistandan gələn nəbatat alimi müsyö Jordanla bitkilərin adları ilə bağlı mübahisəsi filmin ən yaddaqalan səhnələrindəndir. “Yol əhvalatı” filmindəki sürücü Paşa obrazı da hamının yadındadır. Onun “Qurban əmi yalan deyirəmsə, məni elə o lyükün içində basdırsınlar” deməsinə Qurban (Səyavuş Aslanın) belə cavab verir: “Tutalım səni basdırdıq, bəs sənin o meyidüvi aparmaq üçün maşın lazımdı, ya yox. Ayy…”.
Belə epizodları saymaqla qurtarmaz. “Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız, lal tütək çalan Hüseyin də Odur. Bu gün adı çox az adam tərəfindən xatırlanan Kamil Məhərrəmov faciəli şəkildə vəfat edib. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar şox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı.
Arif Mirzəquliyev – O, “Məşədi İbad”dakı student obrazını yaradan Sərvərdir. Hüseyn Seyidzadənin bu rola layiq bildiyi aktyor sonradan cəmi bir böyük rola çəkilib – “Görüş” filmində Kamil. Daha sonra Arif Mirzəquliyev kinodan uzaqlaşıb. “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filmində yenidən Sərvər obrazını canlandırıb. Amma bu dəfə başqa ampluada. Aktyor kimi özünü tam təsdiqləyə bilməsə də, Sərvər və Kamil kimi Azərbayacn kino tarixində qalmağı bacarıb.
İnarə Quliyeva – Həyatını sonradan Moskva ilə bağladığı üçün bu aktrisanı tamaşaçılar təəssüf ki, o qədər də yaxşı tanımır. Amma bircə “Qaynana” filmində yalançı gəlin donuna girərək Cənnət xalanı cəzalandıran Afət obrazı ilə kinoda sevilib. İnarə Quliyeva “Dədə Qorqud”, “Şir evdən getdi”, “Min birinci qastrol” filmlərinə də çəkilib. “Alma almaya bənzər” filmində yaratdığı müəllimə obrazı da yaddaqalan olub. Rəhmətlik Hacıbaba Bağırov filmdə ona üzünü tutub deyirdi: “İstəyirsən səninçün bütün bazarı bağlatdırım”. Aktrisa daha sonra həyatını Moskva ilə bağladı. Bir çox teatrlarda rejissor kimi çalışdı. Vaxtilə Rusiya telekanallarında bir neçə proqramın müəllifi olan aktrisanı Azərbaycanda o qədər də çox tanımırlar.
Şamil Mahmudbəyov çox təəsüflər ki, bu gün də unudulmaqda olan rejissorlar sırasında özünə yer almaqdadır. Baxmayaraq ki, təkcə “Şərikli çörək” filmi ona Azərbaycan kino tarixində əbədi yaşam “qarantiyası” vermişdi. Elə bu filmə görə də Şamil Mahmudbəyov dövlət mükafatına layiq görülüb. Rejissor bundan başqa “Romeo mənim qonşumdur”, “Qaraca qız”, “Liftçi qız”, “Həyat bizi sınayır” və bir çox filmlərə quruluş verməklə yanaşı, onlarla filmdə aktyor kimi də çıxış edib.
Əjdər İbrahimov bu gün barəsində o qədər də danışılmayan rejissorlardandır. O, əsl kino “əjdaha”sı idi. Həm Azərbaycan, həm SSRİ-nin xalq artisti adına layiq görülməsi, üç ölkənin mədəniyyət sahəsində ən nüfuzlu mükafatlarını qazanması onun keyfiyyət göstəricisidir. İbrahimovun kinoda əsas rejissor kimi ilk işi “Onun böyük ürəyi” filmi olub. Ona qədər isə “Görüş” və “Bəxtiyar” filmlərində ikinci rejissor kimi çalışıb. 1959-1962-ci illərdə Vyetnam Demokratik
Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasına fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə \”İki əsgər\”, \”Acgöz quş\”, \”Bir payız günündə\” filmləri çəkilib. Nəticədə Ə.İbrahimov Vyetnam Demokratik Respublikasının əmək ordeni olə təltif olunub. Rejissor bu gün bəlkə də Vyetnamda daha çox xatırlanır, nəinki bizdə…
Kamil Rüstəmbəyovun çəkdiyi “Axırıncı aşırım” filmində Qəmlonun, Kərbəlayi İsmayılın, Abbasqulu bəyin az qala bütün ironik ifadələri bu gün də zərbi-məsəl kimi səslənir. Rəhmətlik Məlik Dadaşovda (Qəmlo-red.) “Nə nişangaha gəlirlərrr!”, “Abbasqulu bəyin nazıyla çox oynıyırsan haa, Kərbəlayi” replikalarının təsirini və bu kimi digər məqamları ustalıqla görən şəxs bu adam idi. Uzun müddət AzTV-in baş rejissoru olan K.Rüstəmbəyov “Axırıncı aşırım”la bərabər “Gözlə məni” (baş rolda- Rasim Balayev və Həmidə Ömərova-red.), “Dağlarda döyüş” ( baş rolda Şahmar Ələkbərov-red.), “Aygün”, “Dərviş parisi partladır” kimi filmləri də lentə alıb. “Axırıncı aşırım” filminə baxanda titrləri oxumağı unutmayın.
Lətif Səfərov. 7 yaşından həyatını kinoya bağlayan Səfərov təəssüflər olsun ki, faciəvi şəkildə dünyasını dəyişib. O. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Almaz”, “Sevil” kimi filmləri lentə alıb. Məşhur müğəni Şövkət Ələkbərovanın əri olan Lətif Səfərov ov tüfəngi ilə intihar edib. (moderator.az)
İnterpress.az