ABŞ qondarma “erməni soyqırımı”nı tanıya bilər, əgər…backend

ABŞ qondarma “erməni soyqırımı”nı tanıya bilər, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın qondarma ”erməni soyqırımı\”nı tanımaq ehtimalı var\”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta bəyan edib. Onun sözlərinə görə, bu istiqamətdə işləyən konqresmenlər məsələ ilə bağlı əlavə dəstək alacaqlar.

Qeyd edək ki, daha öncə də Almaniya Türkiyə ilə münasibətlərinin soyuqlaşması fonunda uydurma məsələni tanımışdı. İndi də Türkiyədə baş verən hərbi çevrilişdən sonra bu ölkənin ABŞ-la münasibətlərində problem yaşanır. Bir tərəfdən, Türkiyə rəsmiləri ABŞ-ı çevrilişə dəstək verməkdə ittiham edir, digər tərəfdən, ABŞ Fətullah Güləni Türkiyəyə verməməklə bu narazılığı daha da artırır. İki ölkə rəsmiləri arasında da sərt bəyanatlar səslənməkdədir. Bəs ABŞ Almaniya kimi saxta soyqırımı tanıya bilərmi?

“Yeni Müsavat”a açıqlamasında bu ehtimala münasibət bildirən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyə ilə münasibətlər soyuqlaşmaqda davam etsə, qondarma erməni soyqırımının qəbul edilməsi reallaşa bilər: “Prinsipcə, ABŞ-ın bəzi ştatlarında soyqırımla bağlı qətnamələr qəbul edilib. Ara-sıra Amerika Konqresinin komissiyalarında da bu müzakirə edilir, lakin son anda səsvermə ərəfəsində vaz keçiblər. Türkiyə ilə strateji münasibətlərin əhəmiyyətini nəzərə alaraq buna getməyiblər. Heç kimin ağlına gəlməzdi ki, Türkiyə ilə çox sıx münasibətlərdə olan, milyonlarla türkün yaşadığı Almaniya erməni soyqırımını qəbul etdi. Halbuki o ölkədə heç 50-10 min erməni yoxdur. Hesab edirəm ki, ABŞ-la Türkiyə münasibətləri də soyuya bilər. Çünki ABŞ Fətullah Güləni Türkiyəyə iadə etməyəcək.

Onu da istisna etmirəm ki, ermənipərəst konqresmenlər bu fürsətdən istifadə edib, soyqırımı qəbul etmək üçün yararlanacaqlar. Türkiyədə terror törədən, yüzlərlə insanı ABŞ bu ölkəyə geri vermirsə, onun qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi də gözləniləndir. Onu da nəzərə almaq lazımdır ki, Barak Obama artıq prezidentliyi ilə vidalaşır. O prezidentliyə namizəd olarkən erməni lobbisinə vəd etmişdi ki, soyqırımı tanıyacaq. İndi Obamanın bir neçə ayı qalıb və yəqin ki, o, bu addımı atacaq”.

Politoloq Qabil Hüseynli də bildirdi ki, Türkiyə ABŞ-la münasibətlərində ehtiyatlı olmalıdır, əks halda, qondarma soyqırım qəbul edilə bilər: “Çox asanlıqla bu məsələ ABŞ-da gündəmə gələ bilər və hətta qəbul edilə bilər. Əgər Türkiyə münasibətləri bir Güləndən ötrü pozsa, bütöv bir dövlətin maraqlarını qurban versə, Amerika bu məsələni gündəmə də gətirər, çox asanlıqla qəbul da edə bilər. ABŞ-ın qondarma soyqırımı qəbul etməsi isə artıq Ermənistanın qarşısında yaşıl işıq yandıracaq və o, Avropa Məhkəməsində təzminat davası aça bilər, Türkiyənin qarşısında çox ciddi tələblər irəli sürə bilər”.

Q.Hüseynli qeyd etdi ki, Türkiyə bu məsələdə siyasi qaydalara uyğun davranmalıdır: “Gülənin taleyi məhkəmə yolu ilə həll edilməlidir, dövlət bu işə qarışmamalıdır. Vəkil tutmalıdırlar, vəkilə lazım olan sənədləri, sübutları verməlidirlər, bu sübutlarla məhkəmə araşdırması təyin edilməlidir. Amerikada məhkəmələr müstəqildir, hər hansı siyasi qərara tabe deyil. Gülənin Türkiyəyə verilib-verilməməsinə dair məhz məhkəmə qərar çıxarmalıdır. İndi məhkəmə qərarı çıxarılmamış, mitinqdə çıxış edib, ”Siz Güləni bizə verməlisiniz\” deyə çığırmaqla, təhdid etməklə məsələ həll olunmur.

İstənilən təhdidi ABŞ edə bilər. Türkiyənin əlində nə var ki… ABŞ-la münasibətlərin pozulması Türkiyə üçün böyük fəlakət olar. Mənim düşüncəmə görə , ABŞ-la münasibətlərin üstündə əsmək lazımdır. Gülən bu gün-sabah ölüb gedəcək və ya başqa bir dövlətə ötürüləcək. Türkiyə hakimiyyəti Gülən haqda ölüm hökmü çıxarıb. Ölüm hökmü çıxaran ölkəyə heç kimi vermirlər. Lakin ABŞ-ın soyqırımı qəbul etəsini də gözləmirəm. Türkiyə kimi dövləti belə kiçik məsələlərə qurban vermək olmaz\”.

İnterpress.az