“Sərkisyan Moskvaya sığınır”…backend

“Sərkisyan Moskvaya sığınır”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 17 iyuldan yaşanan gərginliklər polis alayının binasını zəbt etmiş silahlı dəstənin 31 iyulda təslim olması ilə başa çatsa da, görünən budur ki, işğalçı ölkədə tezliklə asayişi bərpa etmək mümkün olmayacaq. Bunu müxalifətin vəziyyətlə əlaqədar son açıqlamaları da sübut edir.

İrəvanda həbs edilən 47 nəfərin ardınca ayrı-ayrı müxalifət fəallarının da çevriliş cəhdində ittiham olunaraq həbsə atılması Serj Sərkisyanın ölkədə repressiya maşınını işə salacağı qənaətini formalaşdırır. Hər halda, ilkin mərhələdə S.Sərkisyan silahlıları ram edə bildi. Lakin xalq etirazlarının davam etməsi onun daha çətin sınaqlarla üz-üzə qalacağını deməyə əsas verir.

Artıq ölkədə kütləvi itaətsizliyə çağırışlar eşidilir. “İkinci üsyan mərhələsinin başlama vaxtı çatıb”. Bunu jurnalistlərə açıqlamasında erməni deputat Zarui Postancıyan söyləyib (axar.az). Onun sözlərinə görə, bu üsyan qanlı olmamalıdır: “Biz heç kimin, hətta Serj Sərkisyanın qanını belə tələb etmirik. Biz Sərkisyan və onun quldurları olan polislərdən azad olmalıyıq. Bunun üçün bütün polislər muzdlu şəkildə ön cəbhəyə göndərilməlidir”.

“Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə ”Sasna çrer\” adlı yeni silahlı qruplaşmalar yaranacaq\”.“News.am” saytının verdiyi xəbərə görə, bunu da Ermənistanın müxalif “İrs” Partiyasının lideri Raffi Ovannisyan deyib. Qatı radikal müxalifətçi olan Ovannisyan hazırda fəallığı ilə əksər müxalifət liderlərini qabaqlayıb. Onun partiya üzvlərinin həbs edilməsi də “İrs” liderini xalqa xitab etməyə vadar edib. Çox güman ki, o, özünün həbsindən də ehtiyatlanır. Bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.

Ermənistan prezidenti Serj Sərkisyanın isə avqustun 10-da Moskvaya işgüzar səfər edəcəyi məlum olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Sərkisyanın budəfəki səfəri Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. “Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq”, – deyə bildirilib.

Sərkisyanın ölkəsindəki qanlı toqquşmalardan sonra Moskvaya getməsi suallar doğurur. Ancaq avqustda prezidentlər səviyyəsində Qarabağ müzakirələri də olacaq. Şübhəsiz ki, o, Putindən təlimatlar alacaq. Ancaq istisna deyil ki, o, hakimiyyətinə Moskvanın birmənalı dəstək verib-vermədiyini də konkretləşdirmək istəyəcək.

Politoloq Arzu Nağıyev vəziyyəti təhlil etdi: “Ermənistanda baş verən siyasi şoudan sonra artıq Rusiyanın İrebuni aviabazasında \”MİQ-29\” təyyarələri qrup şəklində uçuşlara başlayıb. Yəni hər hansı bir cəhd olarsa, hava məkanında Rusiya hava hücumundan müdafiə qüvvələri müdaxilə edəcəklərini göstərməyə çalışır. Son günlər Ermənistanda baş verənlər bütün dünyaya göstərdi ki, başda polis və ümumiyyətlə, hüquq-mühafizə orqanları olmaqla, dövlət idarəçiliyində ciddi problemlər var. Dövlətçilik prinsipləri artıq işləmir və bununla da Sərkisyan rejimi çökməyə məhkumdur. Onu hakimiyyətdə saxlayan yeganə amil Qarabağ münaqişəsidir. Təbii ki, Qərb də öz siyasi oyununu oynayır və hələ ki müəyyən kəşfiyyat işlərini həyata keçirir. Yəqin ki, onların əsas məqsədi ictimai narazılıqla başlanan hərəkatın hakimiyyət dəyişikliyi ilə nəticələnməsinə gətirməkdir”.

"Sərkisyan Moskvaya sığınır"...

Lakin A.Nağıyev burada Rusiya faktorunun olduğunu vurğuladı və Sərkisyanın Moskva səfərinə diqqət çəkdi: “Məlumdur ki, Qərb heç cürə Türkiyə-Rusiya yaxınlaşmasını istəmir və hətta bu, baş tutsa belə, NATO-Rusiya sərhədinin Ermənistandan keçdiyi üçün orada nəzarəti öz əlinə alaraq loyal bir qərbyönümlü hakimiyyət qurmaq istəyir. Buna görə də Putinin Azərbaycana səfərindən dərhal sonra müvafiq təlimat üçün Sərkisyanın Moskvaya gedəcəyi haqda anons verilir. Bu gün Rusiya üçün Sərkisyan vacib fiqurdur, lakin hazır digər kadr olandan sonra istefası qaçılmaz ola bilər. Qarabağ münaqişəsinin həlli kontekstindən yanaşanda isə Rusiya təşəbbüsü ələ alaraq müəyyən irəliləyiş etmək istəyir. Çünki onun da yeganə çıxış yolu budur, həm nüfuz üçün, həm də Qərbə yarınmaq üçün”.

Bəs Ermənistan daxilindəki vəziyyəti təhlil etsək, hansı qənaətə gəlmək olar, Sərkisyanın istefaya yola salınması halında hakimiyyətə kimlər, hansı qüvvələr gələ bilər? Post-Sərkisyan dövründə hakimiyyətdə yenədəmi “Qarabağ klanı” ola bilər, yoxsa Ermənistan kökənlilər iqtidara sahiblənəcək? Əgər dəyişiklik baş versə, yeni hakimiyyət Qarabağ məsələsində güzəştlərə üstünlük verəcək, yoxsa daha radikal mövqedən çıxış edəcək?

"Sərkisyan Moskvaya sığınır"...

Bu barədə Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin və Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Çaxmaqlının fikirlərini öyrəndik. Araşdırmaçı alim dedi ki, Ermənistanda dövlət başçısı seçki ilə seçilmir, onu Rusiya təyin edir: “Ermənistanda hakimiyyət dəyişikliyini hələlik Rusiya istəmir, Sərkisyandan hələ yetərincə istifadə etməyib. Ermənistanda olan siyasi təşkilatların durumuna baxsaq, partiyalardan heç biri bu işə hazır görünmür. Ermənistan Milli Konqresi tərkibində bir neçə partiyanı birləşdirsə də, cəmiyyətdə əvvəlki nüfuza sahib deyil və Ter-Petrosyan iqtidarla əməkdaşlıq edir. Bugünlərdə onların radikal müxalif səsinin eşidilməməsi də göstərdi ki, onlar bu iddiada deyillər. Raffi Ovannisyanın ”İrs\” Partiyasının mübarizəsi də parlament mübarizəsindən qabağa keçmir. “Çiçəklənən Ermənistan” və onun lideri Qagik Tsarukyan biznes maraqlarını təmin etdiyindən hakimiyyət barədə daha düşünmür, keçmiş prezident Köçəryan ötən illərdə Moskvanın razılığını alıb yenidən bu kreslonu ələ keçirmək üçün dəridən-qabıqdan çıxdı. Amma Moskva onun daha işə yaramadığını bildirdi və o da yerində oturub. Moskvanın “proyekti” yenə hərbi siyasi rejimi davam etdirən adamdır\”.

Q.Çaxmaqlı bildirdi ki, bu, müdafiə naziri Seyran Ohanyan ola bilər: “O, Azərbaycanı yaxşı tanıyır, Bakıda hərbi təhsil alıb, rus hərbi təcrübəsi var, silahlı müxalifətlə işbirliyi içərisindədir. Bir neçə il bundan öncə də bu ”proyekt\” Moskvanın gündəminə gəlmişdi, o zaman Seyran Ohanyanın 366-cı alayda xidmət edərkən Xocalı soyqırımında ittiham olunanlardan biri olması Rusiyanı bu fikirdən vaz keçirmişdi, amma yenə deyirəm ki, Rusiya hələ Sərkisyandan sonadək istifadə etməyib. “Qarabağ klanı” ifadəsi şərti bir şeydir. Düzdür, burada “klan” hakimiyyəti mövcuddur, amma bu “klan”ın içində hər cür cinayətkar elementlər var, hətta beynəlxalq terroristlər belə\”.
Müşahidələr göstərir ki, işğalçı ölkədə 2 polisin qətlə yetirilməsi, onlarla insanın yaralanması ilə müşayiət olunan silahlı toqquşmaların ardınca mübarizənin ikinci mərhələsinə start verilir. Belə olan təqdirdə Qarabağ danışıqları yenə arxa plana keçə bilər. Hər halda, Sərkisyan bu vəziyyətdə hansısa ciddi anlaşmaya cəsarət etməz\”. (musavat)

İnterpress.az