“Bakını İstanbula döndərməyin!”backend

“Bakını İstanbula döndərməyin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə həmkarları Səidə Qocamanlı və Səadət Bənanyarlı ilə bərabər İstanbulda keçirilən beynəlxalq insan haqlarını konfransına qatılan Novella Cəfəroğlunun sözlərinə görə, yerli əhali də durumdan narazıdır:\”Bütün dünyanı gəzmişəm, amma cəmi 3 şəhərin yeri mənimçün başqadır. Birincisi, İstanbul, ikinci Vyana, üçüncü isə Praqa. Mənə hər zaman elə gəlib ki, türkün zəfər ruhunu daşıyan əzəmətli İstanbul şəhər yox, canlı varlıqdır. Bu şəhərin hər bucağı tarixi elə canlandırır ki, bəzən zaman anlayışı itir, özünü eyni anda bir neçə əsrin canlı şahidi kimi hiss edirsən. Mən dünyanın başqa heç bir şəhərində bu hissi yaşamamışam. Düşünürəm ki, damarında türk qanı axan hər insan üçün İstanbul müqəddəs şəhərdir. Ona görə də onu belə miskin və basqı altında görmək mənim ürəyimi ağrıdır. Həm konfrans boyu, həm də sonrakı günlərdə yerli əhali ilə xeyli təmasımız oldu. Hər kəs İstanbulun sözün əsl mənasında yaşadığı ərəb basqınından narazıdır. Yerlilər deyir ki, ərəblər o qədər sərbəstdirlər ki, biz özümüzü şəhərimizdə qonaq hiss edirik”.

Ərəblərə qarşı heç bir xüsusi iddiası olmadığını vurğulayan Novella Cəfərolu deyir ki, Türkiyə hökumətinin Türkiyənin simvolu olan İstanbulla bağlı siyasətini bəyənmir: \”Ərəb mədəniyyətinin Türkiyədə bu cür rahatlıqla ayaq açmasını təmin etmək türk düşmənçiliyidir. Bu siyasətin acısını Türkiyə yaşayacaq və bizim narahatlığımızın səbəbi budur. Xidmət sektoru artıq ərəbcəni ikinci dil kimi istifadə edir. Kafe-restoranlarda təkcə menyülər deyil, giriş lövhələri də ərəbcəyə keçib. Şəhərin mərkəzi səmtlərində belə bir xidmət obyektində o gözəl türk musiqisini eşitmək mümkün deyil – səsgücləndiricilərdən ətrafa yayılan ərəb musiqisidir. Biz ərəb mədəniyyətinə qarşı deyilik. Məsələ burasındadır ki, insan hansısa ölkəyə gedəndə oranın mədəniyyəti ilə tanışlıq üçün gedir. İnanmıram ki, bir alman, ya yapon, yaxud da bir macar turist bu gün İstanbulda gəzəndə özünü türk şəhərində hiss eləsin. Türkiyədə bəziləri bu siyasətin daha çox ərəb turist cəlb etmək üçün yürüdüldüyünü deyir. Bu iddiaları qəbul etmək mümkün deyil. İstanbul dünyanın ən böyük mədəniyyət paytaxtlarından, bütün dönəmlərində ən böyük turist axını yaşayan şəhərlərindəndir. Hər il Avropadan, Amerikadan, Uzaq Doğuya qədər dünyanın ən müxtəlif ölkələrindən milyonlarla turist gəlir İstanbula. Məgər, indiyə qədər yapon gələcək deyə, xidmət sektoru yaponca \”danışırdı”? Dünyanın bir çox ölkələrində olduğu kimi beynəlxalq dil olaraq ingiliscədən istifadə edilirdi. Düşünmürəm ki, ərəb turistlər Türkiyə iqtisadiyyatına digər ölkələrin turistlərindən çox xeyir verir. Əksinə, ərəb axınından sonra Türkiyədə narahat bir ortam yaranıb, İstanbulda, Ankarada və digər şəhərlərdə terror aktları inkişaf etmiş ölkələrdən gələnlərin sayını azaldıb. Biz bu haqda konfrans iştirakçılarından da eşitdik. Onlar açıq şəkildə deyirdilər ki, artıq Türkiyəni turizm üçün o qədər də güvənli saymırlar”.

N.Cəfərolunu narahat edən daha bir məqam ərəblərin İstanbulda öz bayraq sevdalarını nümayiş etdirməsidir: \”Ərəb dünyası ağır durumdadır. Milyonlarla insan yurdundan-yuvasından didərgin düşüb, onların bir qismi Türkiyəyə sığınıb. Sözsüz ki, bütün sivil dövlətlər həmin insanların torpaqlarında barış əldə edilməsi üçün çalışmalıdır. Ancaq bu o demək deyil ki, onlar sığınacaq aldıqları yerdə ev sahibliyinə iddialı olmalıdırlar. Türkiyədən başqa ərəb dünyasından qaçqınları qəbul edən heç bir ölkədə bunu görmək mümkün deyil. İstanbulun hansı səmtinə getsəz, ərəb ölkələrinin bayraqlarını görəcəksiniz. Qaçqın ərəblər işlətdikləri obyektlərə öz bayraqlarını asır. Bayraq dövlətin simvoludur, bir ölkənin bayrağının başqa bir ölkədə asılması qanunlarla tənzimlənir. Ancaq çox təəssüf, Türkiyə iqtidarı ərəb dünyasının bayraqlarının harada gəldi asılmasına heç məhəl də qoymur”.

İnsan haqları müdafiəçisi deyir ki, Azərbaycana ərəb axını başladığı üçün bu durumun yaxın illərdə Azərbaycanda da təkrarlanacağından rahatsızdır: \”Konfrans iştirakçıları ilə bərabər Böyük Adaya gedirdik, elə gəmi yerindən tərpənmişdi, ərəb musiqisi səslənməyə başladı. Biz dərhal etirazımızı bildirdik və tələb etdik ki, türk musiqisi səsləndirilsin. Eyni tendensiya Bakıda da müşahidə olunmağa başlayıb – ərəbcə, ərəb musiqisi yavaş-yavaş bizdə də yayılmağa başlayır. Mən hökuməti bu məsələyə xüsusi həssaslıqla yanaşmağa çağırıram – bura Ərəbistan deyil, Bakını İstanbula döndərməyin. Əgər biz Bakıda, ya digər bölgələrdə ərəb ölkələrinin bayraqlarını, simvolikalarını, yazılarını görsək, həmin ərazinin icra hakimiyyəti orqanı qarşısında mitinq keçirib etirazımızı bildirəcəyik. Xidmət sektoru sahiblərini də qanunlara ciddi əməl etməyə çağırıram. Unutmasınlar ki, ərəblər turistdirlər və Bakıda onlara bizim mədəniyyətimiz təqdim olunmalıdır”. (musavat)

İnterpress.az