Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji” strategiyasına uyğun olaraq, təkcə işğaldan azad edilən ərazilərdə tikilən və tikiləcək stansiyaların qoyuluş gücü 370 meqavatdan çoxdur.
İnterpress.az-ın məlumatına görə, bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
“Üstəgəl “Sərsəng” Su Elektrik Stansiyası (SES) və suverenliyimiz bərpa edilən digər ərazilərdə isə mövcud enerji potensialı 80 MVt-a yaxındır. “Yaşıl enerji”nin digər növlərinin də işğaldan azad edilən ərazilərdə, o cümlədən ölkənin digər yerlərində potensialı olduqca böyükdür. Bu potensial Azərbaycanın beynəlxalq aləmə çıxışını daha da genişləndirir və ölkəmizə böyük dividendlərin gətirilməsinə yaşıl işıq yandırır”, – B.Rzayev deyib.
“Azərenerji” prezidenti bildirib ki, Abşeron rayonu ərazisində 240 meqavatlıq günəş və 240 meqavatlıq külək, həmçinin Qarabağ iqtisadi rayonu ərazisində, Cəbrayıl rayonunda 240 meqavatlıq günəş, Kəlbəcər rayonunda 100 meqavatlıq külək elektrik stansiyalarının, eyni zamanda yeni kiçik su elektrik stansiyalarının yaradılması ilə alınan generasiya gücləri ekoloji cəhətdən təmiz enerji hesabına Azərbaycanın elektrik enerjisinin ixrac potensialının ixraca yönəldilməsinə imkan verəcək.
O qeyd edib ki, dövlət başçısının enerji sistemi sahəsində həyata keçirdiyi qlobal layihələrin inkişaf mərhələsinin mənbəyi məhz ölkə daxilində yaratdığı quruculuq proseslərindən bəhrələnir: “Onun rəhbərliyi illərində elektrik verilişi xətləri və yarımstansiyalarla bağlı aparılan quruculuq işləri nəticəsində ölkə enerji sistemi tamamilə əlaqələndirilib”.