Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtı dəyişdirilib.
Bu barədə İnterpress.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məcəllənin 1 yanvar 2024-cü ilə qədər olan redaksiyasına əsasən, vergi ödəyicisinin təqdim edilən mallar (işlər və xidmətlər) üçün nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt ƏDV tutulan əməliyyatın vaxtı hesab olunurdu. Nəzarət-kassa aparatı (NKA) tətbiq edilməli olan fəaliyyət sahələrində alıcılara POS-terminalın qəbzi ilə yanaşı, NKA çeki də təqdim edilməlidir.
Nağdsız ödəniş zamanı pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olması müddəti bir neçə gün uzana bildiyindən, ayın sonuncu günlərində edilən ödənişlərdə nəzarət kassa aparatının çekinin vurulması vaxtı ilə pul vəsaitinin hesaba daxil olması vaxtı fərqli hesabat dövrlərinə təsadüf edirdi ki, bu da vergi ödəyiciləri tərəfindən uçotun aparılmasında müəyyən çətinliklər yaradırdı. Çətinliyin aradan qaldırılması məqsədilə Məcəlləyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, NKA tətbiq edilməli olan fəaliyyət növləri üzrə, yəni pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üzrə ödənişlə bağlı NKA çekinin vurulduğu tarix ƏDV tutulan əməliyyatın vaxtı sayılır.