Bakıdakı Rus evində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının müəllimləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas-bəstəkar Aytən Oqtayqızının və pianoçu-bəstəkar, beynəlxalq müsabiqələr laureatı Nuranə Zeynalovanın müəllif konserti olub.
İnterpress.az-ın məlumatına görə, BMA-dan AZƏRTAC-a bildirilib ki, yaradıcı mahiyyətli tədbir Rus evi və Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının birgə layihəsi üzrə hazırlanıb.
Uğurlu ifalarla zəngin konsert proqramı iki müxtəlif üslubu özündə birləşdirərək öz-özlüyündə bir musiqi çələngi yaradıb.
Hər iki müəllif – Nuranə Zeynallı və Aytən Oqtayqızı Üzeyir Hacıbəyli adına BMA-nın yetirmələri olub, Azərbaycan musiqisinin görkəmli şəxsiyyətlərindən bəhrələnib və nəticə olaraq, yüksək peşəkarlığa malik musiqiçi kimi püxtələşiblər.
Konsert proqramında ifaçılar arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın “Solo oxuma” kafedrasının müəllimi Güllübəyim Məmmədova, vokal ifaçısı, BMA-nın doktorantı, beynəlxalq müsabiqələr laureatı Rüfət Piriyev, N. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi (BMA-nın İxtisas musiqi məktəb-studiyasının yetirməsi) Teymur Kazımov, həmçinin məktəb-studiyanın şagirdləri – VIII sinif şagirdi beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədli (müəllim – dosent Gülnarə Quliyeva, konsertmeyster – Səriyyə Məmmədova), II sinif şagirdi Həcər Əsədullayeva olub.
Əlamətdar məqamlardan biri hər iki müəllifin 44 günlük Vətən müharibəsinə həsr olunmuş əsərlərinin konsert proqramına daxil edilməsi idi.