Dünyanın ən varlı kəndindənbackend

Dünyanın ən varlı kəndindən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet İttifaqının dağılması, keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatına keçməsi və kapitalizm yolunu tutmasından sonra yəqin dünyada kommunizmin qalib gələcəyinə inanan tapılmaz.

Amma belə düşünənlər yanılır – Çində, ucqar kəndlərin birinin əhalisi doğrudan da mümkün olmayanı edib. Burada bütün insanlar işləyib, zəhmətlərinə görə, bərabər qazanc əldə edirlər – növbəti Çin möcüzəsinin adı Xuasi kəndidir.

Çinin 1 nömrəli kəndi

Çinlilər Xuasini ölkənin 1 nömrəli kəndi adlandırırlar. Kənd doğrudan da qeyri-adidir – Xuasinin bütün sakinləri öz kotteclərində yaşayır, yalnız Mersedes və BMW-lərdə gəzir, bank hesabları isə pulla doludur. Ən əsası kənddəki bütün sərvətlər sakinlərin özlərinə məxsusdur, üstəlik, Xuasinin səhmləri birjada satılır. Bu göstəricilərinə görə, Xuasini ümumiyyətlə dünyanın 1 nömrəli kəndi saymaq olar. Təəccüblənmək üçün başqa nə eşitmək istəyirsiniz?

Turistlər də həsəd aparır

Xuasi kəndi Çinin iqtisadi paytaxtı sayılan Şanxaydan cəmi 130 kilometr məsafədə yerləşir. Kəndin 35 min sakininə nəinki bütün çinlilər, hətta bura gələn turistlər də həsəd aparır. Kənddəki bütün zavod və fabriklərin sahibi kənd sakinlərinin özüdür. Bundan başqa, kəndin sakinləri pulsuz evlə, pulsuz tibi xidmət və təhsillə təmin edilirlər.

Yoxsulluqdan varlılığa gedən yol

Xuasinin mərkəzindəki muzeydə kəndin yoxsulluqdan varlılığa gedən yolu əks olunub. Xuasi möcüzəsinin atası kəndin keçmiş partiya katibi U Jenbaodur. Hələ ötən əsrin 60-cı illərində kənd partiya komitəsinin katibi olan U Jenbao kəndi bütün Çində olduğu kimi sosializm yolu ilə yox, öz yolu ilə inkişaf etdirdi. Katib dərhal başa düşdü ki, Xuasini təkcə əkin sahələri ilə inkişaf etdirmək mümkün olmayacaq, ona görə də sənayenin inkişafına üstünlük verdi.

U Jenbao kənddə ilk dəfə olaraq kollektiv podratını və ölkədə ilk kooperativi yaradır. İlk milyonu qazanan kəndlilər onu xərcləyib-dağıtmaq əvəzinə sərmayə kimi yatırdılar və bu onların sürətli inkişafının başlanğıcı oldu.

Dünyanın 40 ölkəsinə mal göndərir

Nəticədə 30 il ərzində Xuasi kasıb bir kənddən illik dövriyyəsi 50 milyard yuan olan müasir qəsəbəyə çevrildi. Hazırda burada 80-dən artıq metallurgiya və toxuculuq müəssisəsi var. Bütün müəssisələr ən müasir texnologiyalarla təmin edilib. Burada buraxılan məhsullar – geyim, ayaqqabı və digər mallar isə dünyanın 40-dan artıq ölkəsinə, o cümlədən ABŞ və Yaponiyaya ixrac edilir.

Hovuzlu kotteclər kəndi

İlk baxışdan Xuasi adi kənddən çox, Çin kommunist partiyası rəhbərlərinin istirahət etdiyi iri sanatoriyaya bənzəyir. Göz oxşayan 2 mərtəbəli evlər, hər tərəf yaşıllıq, fəvvarələr, Çinə xas olmayan sakitlik və rahatlıq. Xuasi – Çinin ən varlı və uğurlu kəndidir.

Bu günkü Xuasi kənddən daha çox müasir şəhərin mikrorayonuna bənzəyir. Kəndin bütün sakinləri öz şəxsi malikanələrində, sahəsi 300 kvadratmetrə çatan kotteclərdə yaşayırlar. Həyətlərin əksəriyyətində hovuz var. Hər ailənin isə azı 2 avtomobili var.

Ən kasıb sakinin 250 min dolları var

Hazırda Xuasidə orta aylıq əmək haqqı 20 min yuan, yəni 3,17 min dollar təşkil edir. Ən kasıb ailənin bank hesabında azı 250 min dollar toplanıb. Amma bu pulu xərcləməyə yer yoxdur – Xuasidə məktəb və səhiyyə pulsuz, amma yüksək səviyyədədir. Məktəbdə 3 mindən artıq şagird təhsil alır, bunların yarısı başqa şəhərlərdən gələnlərdir. Məktəbi bitirənlər dərhal elə kənddə işlə təmin olunurlar.

Sadəcə kommunizm

Ümumiyyətlə, kənd sakinləri başqalarının heç ağıllarına da gətirmədiyi rahatlıqlarla təmin ediliblər. Pulsuz təhsil və səhiyyədən başqa, bura qocalıq sığortası, ərzaq subsidiyaları və bonuslar aiddir. 100 yaşı keçən sakinlərin isə bütün ailə üzvləri 10 min yuan məbləğində mükafatlandırılırlar. Kənddə ərzaq qəpik-quruşa satılır, cinayətkarlıq da yox səviyyəsindədir. Başqa sözlə, Xuasi kəndində faktiki olaraq kommunizm qurulub, amma bu kommunizm, kapitalizmə əsaslanır.
Amma kommunizmdə yaşamağın şərtləri var. Bunun müqabilində kənd sakinləri həftədə 7 gün işləməli və başqa şəhərlərə köçməməlidirlər. Buna əməl etməyənlər bütün rahatlıqlardan məhrum olacaqlar.

U Jenbao

Xuasini indiki görkəminə salan U Jenbao qocaldıqdan sonra sakitcə işlərdən kənarlaşır, amma vəfat edənə qədər həftədə bir dəfə o kəndin bütün sakinlərini konfrans zalına toplayaraq kəndin iqtisadi uğurları barədə hesabat verirdi. U Jenbao 2013-cü ildə 85 yaşında vəfat edib. Kəndi onun oğulları idarə edir, onlar Xuasinin ən varlı adamlarıdır. Amma bu hal sakinləri narahat etmir. Çünki onlar kifayət qədər qayğı və gəlirlə əhatə olunublar.

Gəlirlərin 20%-i sakinlərindir

Kəndin ümumi gəlirinə administrasiya nəzarət edir, hər ilin sonunda isə onu əhali arasında bölüşdürür. Bütün müəssisələrin əldə etdiyi gəlirin 20%-i sakinlərə çatır. Burada hətta körpə uşaqlar da nəzərə alınır. Nəticədə adambaşına düşən bonus 100-400 min yuan arasında dəyişir. Qalan pullar isə qəsəbənin inkişafına yönəldilir, yəni investisiya kimi yatarılır ki, gələcəkdə yenə də gəlir gətirsin.
Hər həftənin sonunda kənd rəhbərliyi sakinlər üçün toplantı keçirir. Xuasi sakinləri belə iclaslarda həvəslə iştirak edirlər. Çünki bu adi toplantı deyil, həm də səhmdarların yığıncağıdır. Məsələ bundadır ki, Xuasi kəndi böyük bir səhmdar cəmiyyətdir. Kəndin bütün sakinləri «Xuasi kəndi» adlı səhmdar cəmiyyətin və ya Xuasi kəndi kooperativinin səhmdarlarıdır. Hazırda cəmiyyətin prezidenti U Jenbaonun oğlu U Seendir.

Əsas gəlir turizmdəndir

Kənd rəhbərliyi qazancla yanaşı, ekologiya barədə də düşünür. Xuasi yeganə Çin kəndidir ki, ISO14001 beynəlalq ekoloji standartı alıb. Hətta bu məqsədlə, xeyli gəlir gətirməyinə baxmayaraq 3 kimya zavodunun fəaliyyəti də dayandırılıb.
Amma Xuasinin əsas gəliri turizmdəndir – qeyri-adi kənd artıq uzun illərdir ki, turistlərin sevimli yerinə çeirilib. Son 30 ildə kəndə 120 ölkədən turistlər gəliblər. Hər il gələn turistlərin sayı 2 milyonu keçir.

Dünyada göydələni olan yeganə kənd

Kənd rəhbərliyi turistləri cəlb etmək üçün təkcə təbiətlə arxayınlaşmır. Turizm məqsədilə kənddə 74 mərtəbəli, hündürlüyü 328 metr olan hotel açılıb. Maraqlıdır ki, hotel binası sakinlərin pulu ilə tikilib. Hər ailə bu tikintiyə 10 milyon yuan, ümumilikdə 3 milyard yuan (471 mln. dollar) ödəyib. Xuasidəki Longxi International hoteli Asiyada hündürlüyünə görə 15-ci yeri tutur.

Hoteldəki dəbdəbəyə hətta iri meqapolislər də həsəd aparır. Belə ki, 60-cı mərtəbədə natural ölçülərində təmiz qızıldan öküz heykəli tökülüb – onun çəkisi 1 tondan artıqdır. 61-ci mərtəbədə isə güllər və quşlar parkı və hovuzlar var.

Kənd içərisində şəhər yaradılıb

Kənd rəhbərliyi ümid edir ki, yeni otel bura daha çox turist cəlb edəcək. Turistlərin dəqqitini cəlb etmək üün Xuasidə dünyanın məşhur abidələrinin nüsxələrinin də yaradıblar. Bura Böyük Çin səddi, Parisdəki qələbə arkası, Ağ Ev və Sidney Operasının binaları aiddir.

Bütün bü gözəlliyi quş uçuşu hündürlüyündən nümayiş etdirmək üçün kənd 90 milyon yuana 2 helikopter alıb. Qarşıdakı illərdə daha 3 helikopter və bir neçə kiçik təyarə alınacaq.

Səhmləri birjada satılan yeganə kənd

Amma Xuasi kəndinin ən maraqlı cəhəti təkcə bu deyil. Ümumiyyətlə, hətta bu abidələrsiz də Xuasi Çinin unikal yaşayış məntəqəsi sayılır. Belə ki, Xuasi ölkədə yeganə yaşayış məntəqəsidir ki, onun səhmləri var və bu səhmlər fond birjasında satılır.
1999-cu ildə kəndin səhmləri Şanxay birjasında satılmağa başladı. Son 5 ildə kəndin ümumi gəliri isə 230 miyard yuan və ya 36,5 milyard dollar olub.

«Biz də belə istəyirik»

Hələ 20 il əvvəl burada cəmi 1,5 min nəfər yaşayırdı, indi isə ətrafdıkı 20 kəndi də «udmuş» Xuasidə 60 min nəfər yaşayır. Onların 35 mini yerli sakin, 25 mini kənardan gələn işçilərdir.
Tədricən Xuasinin uğurlu təcrübəsi başqa kəndlərə də ötürülməyə başladı. Bu həmin kəndlərin sakinlərinin yoxsulluqdan qurtarmasına imkan verib. Bundan başqa, kənddə digər kəndlərin rəhbərləri üçün pulsuz kurslar da təşkil edilib ki, buraakı uğurları tətbiq edə bilsinlər.(fins.az)

Dünyanın ən varlı kəndindən

Dünyanın ən varlı kəndindən

Dünyanın ən varlı kəndindən

Dünyanın ən varlı kəndindən

Dünyanın ən varlı kəndindən

Dünyanın ən varlı kəndindən

İnterpress.az