ABŞ diplomatlarımızı ölkədən qovur”.
Bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
“Yanvarın 30-da 27 nəfər rus diplomat ailəsi ilə birlikdə ABŞ-ı tərk edəcək, iyunun 30-da isə analoji sayda adam gedəcək”, – deyə o qeyd edib.
Səfir bildirib ki, Vaşinqton Moskva ilə yalnız onu maraqlandıran məsələləri müzakirə edir və ABŞ-ın sanksiya siyasəti dəyişmir.
Qeyd edək ki, uzun müddətdir ABŞ və Rusiya arasındakı münasibətlərində gərginlik hökm sürür. Hətta tərəflər bir-biri ilə bağlı tez-tez kəskin addımlar atmaqdan belə çəkinmirlər. Görünən odur ki, Vaşinqton və Moskva arasında hələ uzun müddət soyuq küləklər əsməyə davam edəcək.
Ümumiyyətlə, hazırda ABŞ və Rusiya arasında baş verənləri “soyuq müharibə” adlandırmaq olarmı?
Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasındakı “soyuq müharibə” heç vaxt səngiməyib:
“Tərəflər arasında zaman-zaman gərginliklər pik həddə çatıb. Hətta bu gərginliyin genişmiqyaslı hərbi toqquşmaya gətirib çıxara biləcəyi də deyilib.
Lakin hər iki ölkə rəhbəri öz məsuliyyətlərini yaxşı başa düşürlər. Buna görə də ABŞ və Rusiya arasında hər hansısa ciddi bir problemin baş verəcəyini düşünmürəm. Rəsmi Vaşinqtonun bu addımına qarşı Rusiyanın da ABŞ diplomatlarını ölkədən çıxarması gözlənilir. Belə gərginliklər bu iki ölkə arasında hər zaman olub və bundan sonra da olacaq. Çünki ABŞ və Rusiya öz maraqları uğrunda gizli və ya açıq şəkildə mübarizə aparırlar. Hətta müxtəlif zamanlarda prezidentlər arasında söz davası olduğunun da şahidi olmuşuq.
Bayden Putini “qatil”, rus lider isə həmkarını “uğursuz siyasətçi” adlandırmışdı. Yəni bütün bunlar təbii proseslərdir. Hesab edirəm ki, bütün bu baş verənlərə normal yanaşmaq lazımdır.
Həmçinin, ABŞ və Türkiyə arasında da Rusiyadan “S-400” zenit-raket kompleksi alınmasıyla bağlı gərginlik pik həddə çatmışdı. Lakin sonradan iki ölkənin də münasibətləri normallaşdı. Ona görə də mövcud vəziyyətdə heç bir narahatçılığa əsas olmadığını düşünürəm”.