“Almaniyada afroamerikalılar başqalarına nisbətən daha çox ayrı-seçkiliklə üzləşirlər, afrikaəsilli hər iki şəxsdən biri hüquqlarının pozulmasından şikayətlənir”.
İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Avropa İttifaqının (Aİ) Əsas Hüquqlar Agentliyinin təşkilatın 13 ölkəsində apardığı araşdırmanın nəticələrində əks olunub.
Aİ-də yaşayan afrikaəsilli şəxslərin demək olar ki, yarısı gündəlik həyatlarında ayrı-seçkilik və irqçiliklə üzləşib. Bununla bağlı ən çox şikayət Almaniya və Avstriyada qeydə alınıb.
Almaniyada respondentlərin 76 faizi son 5 ildə dərisinin rənginə, mənşəyinə və ya dininə görə oxşar davranışlarla qarşılaşdıqlarını təsdiqləyib. Bu rəqəm sorğuda iştirak edən hər bir ölkədən yüksəkdir. Avstriyada bu göstərici 72 faiz təşkil edib.
Agentlik vəziyyətin getdikcə pisləşdiyini göstərir: “2016-cı ildə Almaniyada sorğuda iştirak edən afroamerikalıların 52 faizi ayrı-seçkilik problemlərindən şikayətlənib, Avropada orta göstərici isə 39 faiz təşkil edib”.
Afroamerikalılar Almaniya və Avstriyada daha çox mənfi əmək bazarı təcrübəsinə malik olublar. Belə ki, Almaniyada sorğu iştirakçılarının 46 faizi ötən il iş yerlərində oxşar faktlarla qarşılaşdıqlarını bildiriblər (Aİ orta göstəricisi 31 faizdir). Respondentlərin 56 faizi son 5 ildə Almaniyada iş axtarışı ilə bağlı mənfi təcrübələrindən danışıb, Avstriyada bu göstərici 59 faiz olub.
Almaniyada sorğuda iştirak edənlərin 69 faizinin fikrincə, polis daha çox insanları dərilərinin rənginə görə şəxsiyyət vəsiqələrini yoxlayır.
Qeyd edək ki, Avropa Əsas Hüquqlar Agentliyinin məlumatları miqrantlar və onların uşaqları arasında keçirilən onlayn sorğudan əldə edilib. Araşdırmada Belçika, Danimarka, Almaniya, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Avstriya, Polşa, Portuqaliya, İsveç və İspaniyada yaşayan 6700 afrikaəsilli respondent iştirak edib.