Zavodda partlayışla bağlı gizli məqamlarbackend

Zavodda partlayışla bağlı gizli məqamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində bir il fərqlə 2 hərbi zavodda baş verən partlayışlar ölkəni silkələdi.

Lakin hər iki hadisənin baş vermə səbəbləri nədənsə ölkə ictimaiyyətinin diqqətinə çatdırılmır. Müdafiə Sənayesi Nazirliyi (MSN) də öz tabeliyindəki zavodlarda baş vermiş bu dəhşətli olayların araşdırılmasında maraqlı görünmür.

2015-ci il iyulun 6-da Şirvandakı hərbi təyinatlı “Telemexanika” zavodunda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Şirvan Şəhər Prokurorluğunda başlanan cinayət işi 1 il 20 gün ərzində partlayışdan sonra yaranan suallara cavab vermədi. “Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış oldu.

Daha dəhşətli, Şirvan sakinlərini vahimə içində saxlayan partlayış…

“Telemexanika” zavodundakı partlayışın səsini yaxınlıqdakı yaşayış binalarının sakinləri eşitmişdilərsə, bu zavodun qonşuluğunda yerləşən “Araz” zavodunda 1 il sonra – 2016-cı il iyulun 26-dakı dəhşətli partlayışın səsi 10 kilometr aralıdan eşidilirdi. Partlayış Şirvan şəhərini silkələyir, sakinləri saatlarla vahimə içində saxlayırdı. Ölkənin gündəmini dəyişən olaya çevrildi.

Yaralıları ildırım sürəti ilə xəstəxanadan niyə çıxarırlar?

Hər iki partlayışdan sonra yaralılar təcili yardım karetalarında Şirvan Rayon Xəstəxanasına aparıldılar. Hər iki hadisədə MSN rəsmiləri xəstəxanada yaralılara, əl-qolları yanmış qadın və kişilərə baş çəkdilər. Maraqlı odur ki, ağır yaralı olan bu şəxslərin bir çoxu xəstəxanaya gətirildikləri kimi də ildırım sürəti ilə xəstəxanadan evə yazıldılar. İctimayyət MSN-dən partlayışın səbəbi haqda açıqlama gözlədiyi bir vaxtda yaralıların evə yazılması xəbərlərini eşidirdi. Həmin açıqlamalardan birində deyilirdi. Sitat:
“Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Bu barədə “Trend”ə nazirlikdən məlumat verilib. Bildirilir ki, həkim nəzarətində müalicələri davam etdirilən 3 nəfərdən biri də evə buraxılıb, 2 işçinin isə müalicəsi davam edir…\”

Bu xəbərlərin ortalığa atılmasının arxasında zavodlarda elə də ciddi hadisə baş vermədiyi görüntüsünü yaratmaq istəyinin olduğu sezilir.

Sex rəisinin adı partlayışda günahkar kimi niyə çəkilir?

Aldığımız məlumatlar da onu deməyə əsas verir ki, MSN rəsmiləri böyük bir partlayışın miqyasını kiçiltmək üçün hərəkətə keçiblər. “Telemexanika” zavodunun direktoru Usubağa Məmmədov “Araz” zavodunda baş verən partlayışda yaralananlara baş çəkərək onlara partlayışla bağlı danışmamağı, maraqlananlara olayın yüksəkgərginlikli elektrik xətlərindəki qəza üzündən baş verməsini deməyi tapşırır.

Hərbi zavoddakı müəmmalı partlayışdan sonra xəstəxanaya gətirilənlər isə oradakı sexin rəisi Salamat Hüseynovun adını çəkməklə baş verənlərdə onu günahlandırıblar. Bu məlumatları yoxlamaq, müvafiq qiymət vermək prokurorluq orqanının işidir.

“Telemexanika” zavodundakı partlayışın səbəbi də ortaya qoyulmalıdır. Maraqlıdır ki, 1 ildən artıq müddət ötməsinə baxmayaraq həmin partlayışla bağlı istintaqa cəlb edilən yoxdur.

İstehsalla məşğul olan hər bir zavodda, fabrikdə, müəssisədə texniki təhlükəsizlik qaydalarına cavabdeh olan şəxslər var. Əgər hərbi təyinatlı zavodlardakı partlayışlar texniki təhlükəsizlik qaydalarının pozulması üzündən meydana gəlibsə, bizlər cavabdeh şəxlərin istintaqa cəlb edilməsi haqda məlumatlı olmalıydıq.

Belə xəbərlər isə yoxdur və belə nəticəyə gəlmək olar ki, hər iki iş üzrə istintaq olayların meydana gəlməsinin səbəbini texniki təhlükəsizlik qaydalarının pozulmasında görmür.

Zavodda partlayışdan az əvvəl xarici mütəxəssislər olub?

Hər iki olay baş verəndən dərhal sonra təxribat versiyaları səsləndirilməyə başladı. Zavodlarda kənar şəxslərin partlayış törədə biləcəkləri ehtimalları incələndi. “Araz” zavodundakı partlayışdan sonra da Şirvanda müxtəlif versiyalar dolaşmağa başlayıb. Zavoddakı partlayışdan az əvvəl orada xaricdən dəvət edilən mütəxəssislərin olduğu, həmin mütəxəsislərin biləvasitə partlayışın baş verdiyi, zavodun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzində iş prosesi ilə məşğul olduqları bildirilir. Kim olub həmin mütəxəssislər? Kimin dəvəti ilə gəliblər? Bu suallar açıqdır.

Hərbi zavodlar niyə partlayış poliqonuna çevrilir?

İstənilən zavodda, fabrikdə, istehsal müəssisəsində mühafizə xidmətinin varlığını xatırlatmaq artıqdır. Xüsusən hərbi təyinatlı zavodlarda mühafizənin güclü olması, bir sexdən, hətta otaqdan digərinə keçidin nəzarət altında baş verdiyini diqqətə çatdırmaq da sırf bildiyimiz, ehtimal etdiyimiz məlumatların dəqiqləşdrilməsidir.

Belə bir halda 2 bir-birindən dəhşətli partlayış faktı qapalı zavodlarda necə meydana gəlib? Ölkəmizin hərbi qüdrətinin artırılmasına xidmət edən zavodlar niyə partlayış poliqonuna çevrilir? Ən pisi də odur ki, bu partlayışların səbəbləri ictimayyətin diqqətinə çatdırılmaq əvəzinə, gizlədilir. Əgər zavodlardakı müəmmalı partlayışlar təxribatların nəticəsidirsə, bu halda məlumatların gizlədilməsi yalnız yeni və miqyasına görə daha böyük partlayışlara yol aça bilər. Məlumatsızlıqdan doğan arxayınlıq, diqqətsizlik bizləri daha böyük faciələrlə üz-üzə qoya bilər.

“Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzi 2013-cü ildən fəaliyyətə başlayıb. Hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra utilizasiya edilməsi üçün mərkəzə təhvil verilir.

İnternetdəki açıq mənbələrdə mərkəzdə müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulduğu qeyd olunur. Xüsusi olaraq vurğulanır ki, tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir.

Əgər utilizasiya avtomatlaşdırılmış qaydada, xüsusi konteynerlərdə həyata keçirilirsə, 26 nəfər harada yaralanıb? 2 nəfərin yanaraq dünyalarını dəyişmələri necə baş verib?
İyulun 26-da baş vermiş partlayışdan sonra MSN-in yaydığı rəsmi məlumatlardan birində bildirilirdi ki, utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən zavoda təhvil verilən 1500 ton məmulatdan qalan 146 ton sursatda hələlik naməlum səbəbdən partlayış əmələ gəlib.

Partlayışa səbəb nədir?

Hazırda iş üzrə araşdırmalar davam etdirilir. “Araz” zavodundakı partlayış faktına görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Ötən il iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı.

Zavodundakı sexlərin birində baş vermiş partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüş, sexdə işləyən digər 19 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdi. Bu cinayət işinin başlanması haqda məlumat verilsə də, bağlanması, xitam olunması, məhkəməyə göndərilməsi haqda xəbərlər gizli saxlanılır.(musavat)

Zavodda partlayışla bağlı gizli məqamlar

Zavodda partlayışla bağlı gizli məqamlar

Zavodda partlayışla bağlı gizli məqamlar

Zavodda partlayışla bağlı gizli məqamlar

İnterpress.az