Qırğızıstanın Çolpan-Ata şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclası çərçivəsində 10 qərar layihəsi imzalanıb.
“İnterpress.az” bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
İclasda tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən, dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi istiqamətində fəaliyyət, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, işçi qruplarının fəaliyyətləri və iş planları müzakirə edilib.
Məlumata görə, iclasda DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nümayəndə heyəti əvvəl tədbirdə müzakirə olunacaq sənəd layihələrinin işlənib hazırlanması məqsədilə işçi qruplarının və ekspertlərin iştirakı ilə keçirilən iclasa qatılıb.