Hazırda dünyada meyvə-tərəvəzin markalaşaraq bazarlara çıxarılması halları geniş yayılıb. Ancaq buna Azərbaycanda çox az rast gəlinir.
“İnterpress.az” meyvə-tərəvəz istehsalçılarının məhsullarını brendləşdirərək bazarlara çıxarmaqdan çəkinməsinin səbəbini araşdırıb.
Bu məsələni şərh edərək Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov qeyd edib ki, markalaşma həm istehlakçılar üçün, həm də şirkətlər üçün faydalıdır: “Marka firmanın məhsullarını başqa firmaların məhsullarından ayıraraq onu fərqləndirir və müştərilər tərəfindən seçilməsini, satış bazarlarının genişlənməsini təmin edir”.
Ekspert deyib ki, markanın istehlakçılar üçün faydalarını, məhsulun mənbəyini göstərir, onun haqqında məlumat verir, bu isə, öz növbəsində istehlakçıya güvən verir: “Bir sözlə, istehlakçı marka ilə özünü ifadə edə bilir və əlavə dəyər yaradır”.
Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır
“Markalaşmanın faydalarından da görmək olar ki, markalaşma təkcə yüksək rəqabətli bazarlar üçün deyil, bütün bazarlar üçün böyük əhəmiyyət kəsb edir. Markalaşma istehsalçının rəqabət üstünlüyünü təmin edir və bazarda rəqabətqabiliyyətliliyi artırır”, – deyə R. Orucov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır: “Lakin son illər istehsalçılar arasında bu sahəyə marağın artmasının şahidi oluruq” .
R.Orucov hesab edir ki, Azərbaycanda məhsulların brendləşərək təqdim edilməsi, daha çox ixracyönümlü məhsullarda müşahidə edilir: “Ölkənin daxili bazarında vahid bir brend adı altında məhsullarını təqdim edənlər çox azdır.
O qeyd edib ki, bunun bir sıra səbəbləri var: “Bizim istehlak bazarımızın 95 %-i kiçik pay torpaqçıların payına düşür. Pay torpaqları 2,5 hektardan çox deyil. Belə torpaq sahəsində isə istehsal edilən məhsulun istehlak bazarında brendləşərək çıxış etməsi çox çətindir”.
Dünyadakı təcrübədən misal gətirərək eskpert bildirib ki, böyük market şəbəkələri kiçik istehsalçılarla müqavilə bağlayırlar və istehsal edilən məhsulun brendləşmə xərclərini market üzərinə götürür: “Bu məhsullar məhz marketlərin adları, yaxud da onların brendləri adı altında alıcılara təqdim edilir. Bu təcrübə bizim ölkədə geniş yayılsa çox gözəl olardı”.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov “Report”a bildirib ki, nar istehsalçıları arasında da məhsullarını brendləşdirənlər çox azdır: “Ümumiyyətlə, iki-üç şirkət məhsullarını brendləşdirərək təqdim edir. Brendləşdirilmiş məhsullarını istehsalçılar adətən ixrac edir”.
O, nar istehsalçılarının brendləşməyə maraq göstərməməsinin səbəbini fermerlərin müstəqil bazarlara çıxışının olmaması ilə izah edir: “Fermer müstəqil bazarlara çıxmayanda onlar barədə məlumatsız olurlar. Məsələn, Rusiyada və digər ixrac olunan ölkələrdə hər hansı bir satış kanalı narın daşınması zamanı zədə almaması üçün məhsulun 4 qablaşma mərhələsinə əməl olunmasını üstün tutur. Bunlar, paletlərin düzülməsi, yeşiklərin yığılması, violların yeşiklərə yerləşdirilməsi və yeşiklərin salafanla bükülməsidir”.
F. Qaraşov vurğulayıb ki, bu cur əlaqələrin qurulduğu zaman fermer də öz məsuliyyətini dərk edir və belə olan halda satış kanalı formalaşır: “Qarşı tərəfin tələblərini yerinə yetirəndə isə artıq istehsalçı da məhsullarını brendləşdirərək təqdim edir. İstehsalçı məhsulları xüsusi qablaşdırmada göndərəndə artıq məhsulun maya dəyəri artır, satış kanalı isə həmin artan xərci ödəyir. Lakin Azərbaycanda marketlərin əksəriyyəti narı adi formada tələb edir, xüsusi brendləşdirilməsi ilə bağlı tələbləri yoxdur”.