Sabunçuda minik və yük avtomobilləri toqquşub.
Bu barədə “İnterpress.az”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı yük avtomobili yol kənarında dayanan “Hyundai” markalı minik avtomobilinə çırpılıb və nəticədə 1 nəfər yük avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Vəliyev Azər İslam oğlu xilas olunub.