2020-ci ildə İsveçin Linköpinq şəhərində Qurani-Kərimə hücum edən ifrat sağçı şəxs nifrət cinayətində mühakimə olunub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Linköpinq Məhkəməsindən verilən açıqlamada 27 yaşlı şəxsin Qurani-Kərimi yandıraraq, islamofob musiqilər əlavə edərək sosial mediada paylaşdığı videonu çəkdikdən sonra nifrət cinayəti törətdiyi müəyyən edilib. Sözügedən şəxs 800 kron pul cəzasına məhkum edilib.
11 sentyabr 2020-ci il tarixində Linköpinq şəhərində 27 yaşlı ifrat sağçı şəxs Qurani-Kərimin üzərinə donuz əti qoyub, yandırıb və Linköpinq məscidinin qarşısına qoyub. Bu hücumu lentə alan ifrat sağçı ekstremist filmə Srebrenitsa soyqırımını və müsəlmanların kütləvi qətlini tərənnüm edən mahnılar əlavə edib. Filmi sosial şəbəkədə yayımlayan ifrat sağçı ekstremist barəsində cinayət işi açılıb.