Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə əməkdaşlıq çərçivəsində martın 12-də Kritik Xammal mövzusunda seminar keçiriləcək.
İnterpress.az xəbər verir ki, iqtisadiyyat və sənaye sahəsində aparıcı mütəxəssisləri və akademik ekspertləri bir araya gətirəcək seminar, resurs təhlükəsizliyinin dəyişən dinamikasına və dayanıqlı təchizat zəncirlərinə fokuslanacaq. Burada məsuliyyətli resurs təminatının vacibliyi, sektorun geosiyasi dəyişiklikləri və akademiyanın mədənçiliyin gələcəyini formalaşdırmadakı rolu müzakirə olunacaq.
Seminarın əsas çıxışçıları Prof. Dr. Leyla Keser Berber (Tethys-in sədri), Prof. Dr. Mustafa Kumral (İstanbul Texniki Universiteti (İTÜ) Mədən Fakültəsinin dekanı) və Dos. Dr. Tuna Esen olacaq. Onlar kritik xammal sahəsindəki son tendensiyalarla bağlı dəyərli ekspert fikirlərini bölüşəcəklər.
Seminarda “Qlobal resurs təhlükəsizliyi tendensiyaları və dəyişən geosiyasi-iqtisadi şərtlərin mədən sənayesinə təsiri”, “Dayanıqlı təchizat zənciri strategiyaları, məsuliyyətli mədənçilik təcrübələri, dairəvi iqtisadiyyat modelləri və hasilat və emal sahəsində yeni innovasiyalar”, “Akademiyanın və beynəlxalq əməkdaşlığın mədən sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasında və sahədə ixtisaslaşmış kadr potensialının gücləndirilməsindəki rolu” mövzuları müzakirə ediləcək.